23:05 10-03-2016
news_image
6046
DÖYÜŞ NÖVLƏRİ

Sönər Həsənovu söndürdü, Əliyev "bürünc"ü erməniyə vermədi - YENİLƏNİB

Latviyanın paytaxtı Riqada təşkil olunan güləş üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın üçüncü günündə daha 3 güləşçimiz xalça üzərinə çıxıb.

 

Təmsilçilərimiz günü biri bürünc və biri gümüş olmaqla, iki medalla başa vurub.

 



Sərbəst güləş

Qadınlar

55 kq
İlk mərhələdən azad olan Alyona Kolesnik 1/4 finalda Simona Prikob (Rumıniya) ilə gücünü yoxlayıb. O, startdaca məğlubiyyətə üzülüb. Rəqib 6:0 hesabı ilə qalib gəlib.

Kişilər

61 kq
İkiqat dünya çempionumuz Hacı Əliyev mübarizəyə 1/8 finaldan başlayıb. O, ilk cəhdində litvalı Şarinas Yurkislə gücünü yoxlayıb və qələbə qazanmaqda çətinlik çəkməyib - 11:0. Əliyev 1/4 finalda bolqarıstanlı Vladimir Dubovu da xalçaya çıxmağa peşman edib və yenə də eyni hesabla qalib gəlib. Təmsilçimiz finala gedən yolda Vladimir Xinçeqaşvili (Gürcüstan) ilə qarşılaşıb. Təəssüf ki, Hacı uğurlu seriyasını davam etdirə bilməyib. O, bürünc medal uğrunda ermənistanlı Valodya Franqulyanla qarşılaşıb. Güləşçimiz rəqibini 7:0 hesabı ilə darmadağın edərək, bürünc medal qazanıb.

 

74 kq 
İkiqat Avropa çempionumuz Cəbrayıl Həsənovun da ilk qarşılaşması 1/8 finala təsadüf edib. Yakob Maxaraşvili (Gürcüstan) ilə güləşən həmyerlimiz qonşu ölkə təmsilçisinə heç bir şans verməyərək, mərhələ adlayıb. O, 1/4 finalda da inamlı təsir bağışlayıb və Giya Çixladzeni (Ukrayna) xalçadan kənarlaşdırıb. İdmançımız 1/2 finalda Miroslav Kirovla (Bolqarıstan) mübarizə aparıb. Bu rəqib də güləşçimiz üçün keçilməz olmayıb. Cəbrayıl təmiz qələbə sayəsində adını finala yazdırıb. O, qızıl uğrunda Sönər Dəmirtaşla (Türkiyə) görüşdə isə mübarizəni uduzub. Pəhləvanımız döşəyi 1:2 hesablı məğlubiyyətlə tərk edərək, ikinciliklə barışmalı olub.
 

Qeyd edək ki, yığmamızın üzvləri 2 yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub. Mariya Stadnik (48 kq) qızıl, Aleksandr Qostiyev (86 kq) gümüş, Yuliya Ratkeviç (60 kq) bürünc medal qazanıb.