15:51 10-03-2016
news_image
2962
TOP OYUNLARI

Səbət altındakı bəhanə, yaxud epidemiyalı baş məşqçi

Azərbaycan idmanında daha bir komanda növü məhv olmaqdadı. Otüstü hokkeydən sonra artıq basketbol da can üstədi.

 

Vaxt vardı basketbol populyarlığına görə bir sıra növləri qabaqlayıb, özünə kifayət qədər azarkeş toplamışdı. Adı inkişafda olan idman növləri ilə birgə çəkilirdi. Pərəstişkarlarına “Qala” adlı klub yaradıb, avrokubok həyəcanı da yaşatmaqda idi. Hətta millimizin kapitanı Rəşad Sadıqov futboldan uzaq qaldığı dönəmdə səviyyəcə yüksək olan basketbola üz tutmuşdu.

 

Düzdü, “səbət altındakı” inkişaf olimpiya çempionu Rimas Kurtinaytisin ölkəmizə gəlişi ilə başlamışdı. Təəssüf ki, elə hər şey də litvalı ulduzun gedişi ilə də çökdü, səbətlər dağılmağa başladı. Cəmi 4 il – 2002-2006... Düzdü, Kurtinaytisin ardınca türkiyəli menecer Ləvənt Türknasın köməkliyi ilə yığmanı və “Qala”nı ayaqda saxlamaq istədilər. Amma onun da “yola salınması”ndan sonra beynəlxalq arenada nə klub qalıb, nə də milli. Bütün bunların səbəbkarı isə federasiyanın analoqu olmayan idarəçilyidi.

 

Bu qənaətə çoxdan gəlmişdik. Bu gün isə federasiya rəhbərliyinin gah nala, gah mıxa vurduqlarının şahidi olduq. Adı olub, özü sürünən idman növü ilə bağlı müsahibə almaq da artıq federasiya rəhbərliyinin “nəzarəti”nə keçib. Vəziyyət o həddə çatıb ki, bu yazıyadək şəxsiyyətinə hörmət etdiyimiz baş məşqçi Elxan Əliyevə belə icazəsiz addım atmağa imkan vermirlər.

 

Əliyev dünəndən “apasport”un qonağı olmalı idi. Onunla idmandan kənar mövzuda və yığma ilə bağlı söhbət etməliydik. Hər şey də plan üzrə gedirdi. Biz onun saat 12:00 üçün redaksiyamızda olmasını xahiş etsək də, Elxan bəy “sabah 11:30-dan oradayam” dedi. Amma səhər özünü gah xəstəliyə vurdu, “məndə epidemiya var, redaksiyanıza yayılar”, gah da “federasiyada Bişkekə yollanmaqla bağlı iclas olmalıdı” dedi. Kiçicik araşdırmadan sonra federasiyada hansısa iclasın olmadığını öyrəndik və bu barədə Əliyevə yalan danışdığını dedikdə, onun “bəhanələr”inin haradan qaynaqlandığı üzə çıxdı.

 

Sən demə, Əliyevə qadağa qoyan federasiya rəhbərliyidi, konkret icraçı direktor Rüstəm Rüstəmov. Hər dəfə zənglərimizə ilk “qudok”daca sevincək cavab verən Rüstəm bəy məsələdən xəbərdar olduğundan dəstəyi qaldırmadı. Federasiyadan isə onu soruşmamış, “müəllim burada yoxdu” dedilər.

 

Bir neçə cəhddən sonra Rüstəm bəydən səs çıxdı. Bizdən 2 saat vaxt istəyib, cavab verəcəyini söylədi. Yekunda isə gözlənilən cavab: “Federasiya Əliyevin müsahibəyə getməsini Bişkekdə keçiriləcək Novruz turnirindən sonra istəyir”.

 

Federasiya necə istəyirsə, elə də olsun. Amma gülünc bəhanələrlə müsahibədən yayınmağı Elxan bəyin uca boyuna yaraşdırmadıq. Elə ona qadağa qoyan Rüstəm Rüstəmova da. O Rüstəm bəy ki, klassik basketbolun peşəkar deyil, həvəskarlar səviyyəsində çempionat keçirməsinin təşkilatçılarından biridi... 

 

Hər əlinə top alan Kurtinaytis olmaz ki...