09:54 11-03-2016
news_image
1922
DÖYÜŞ NÖVLƏRİ

"Erməniyə bir yumruqla başa saldım ki..." - Hacı Əliyev

“Taktiki cəhətdən bir az səhvə yol verdiyimdən və döyüşü düzgün qurmadığımdan yarımfinalda Gürcüstan idmançısına məğlub oldum. Düşünürəm ki, həmin idmançıya qalib gələ bilərdim”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin güləşçisi Hacı Əliyev deyib.

 

İkiqat dünya çempionumuz Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatını bürünc medalla başa vurub. Finala gedən yolda Vladimir Xinçeqaşviliyə (Gürcüstan) uduzan həmyerlimiz bürünc medal uğrunda ermənistanlı Valodya Franqulyanı xalçaya çıxmağa peşman edib.

 

Əliyev bildirib ki, finala yüksələ bilməməyinə səbəb öz səhvləri olub: “Düzdü, gürcü idmançı dünya çempionudu, amma elə də güclü güləşçi deyil. Fikrimcə, taktiki cəhətdən səhv etdiyim üçün mərhələ adlaya bilmədim. Amma qarşıda yarışlar var. Yəqin ki, yenə də qarşılaşacağıq. Çalışacam ki, buraxdığım səhvləri qarşıdakı yarışlarda təkrarlamayım”.

 

Erməni idmançıların qənimi olan Hacı bu dəfə də düşmən ölkə təmsilçisinə yerini göstərib. O bildirib ki, Franqulyan revanş arzusunda olsa da, bu istəyinin reallaşmasına imkan verməyib: “Erməni idmançısı ilə bir dəfə qarşılaşmışdım və qalib gəlmişdim. Bu səbəbdən də o revanş arzusundaydı. Allaha şükürlər olsun ki, buna imkan vermədim. O, xalçada məğlub olduğu zaman güləşə zidd hərəkətlər – altdan-altdan yumruq atırdı. Sona yaxın bir yaxşı yumruqla onu başa saldım ki, biz güləş idmanı ilə məşğuluq. Mübahisə olmadı. Yəni, xalçada belə şeylər olur. Çox sevinirəm ki, düşmən ölkə olan Ermənistan idmançısına qalib gələ bildim”.

 

Hazırda 61 kq çəki dərəcəsində mübarizə aparan güləşçi qarşıdakı aylarda çəkisinə dəyişəcək. Buna səbəb onun çəkisinin Yay Olimpiya Oyunlarından çıxarılmasıdı. Əliyev bildirib ki, lisenziya yarışlarında 57 kq çəki dərəcəsində iştirak edəcək: “Bu çəkidə hələ Rioya vəsiqə əldə edilməyib. Amma bunu əldə etmək istəyirik. Olimpiadada güləşmək istəyirəmsə, medal qazanmağı arzulayıramsa, gərək lazımı əziyyəti çəkəm. Əlimdən gələni edəcəm ki, medal kolleksiyama Olimpiya mükafatını da qatam”.