11:10 11-03-2016
news_image
1401
DİGƏR NÖVLƏR

“Üstündən yarım il keçsə də, alçaltmağa əl atırlar” – Azad Rəhimov

Gənclər və idman naziri (GİN) Azad Rəhimov son günlər dünya idmanında baş verən dopinq qalmaqalına münasibət bildirib. Apasport.az saytının məlumatına görə, nazir rusiyalı idmançıların istifadəsi qadağan olunan dərman preparatlardan istifadədə “ilişməsi”nin və Bakıda keçirilən I Avropa Oyunlarında bir neçə atletdə bunun sonradan aşkarlanmasını ikili standartlarla əlaqələndirib.

 

“Bunu tibb və siyasət baxımından bir-birindən ayırardım. Məncə, tibb baxımından hər şey məlumdu. Yanvarın 1-dən meldoni istifadəsi qadağan olunan preparatlar siyahısına salınıb. Yəni bundan sonra idmançılar bunu qəbul etməməlidirlər. Ancaq ilin əvvəlinə kimi meldoninin təqdimatı olub, çoxlu idmançılar bunu qəbul edirdilər. Çünki həmin vaxt qadağan deyildi” – deyə, Rəhimov bildirib.

 

Bəzi agentlik və jurnalistlərin I Avropa Oyunlarının nüfuzuna xələl gətirməsini pisləyən GİN rəhbərinin sözlərinə görə, bu yarış Azərbaycanın təntənəsidi və çox yüksək səviyyədə keçirilib: “Üstündən yarım il keçsə də, bu yarışı alçaltmağa əl atırlar. Nəyə görə, bu haqda yazan jurnalist “London-2012”də qəbul edilən həmin preparatdan söhbət açmır? Mən bu gün deyə bilərəm ki, orada 16 min idmançıdan 6 mini həmin preparatı qəbul edib. Əksinə, Bakıda Avropa Oyunlarında biz monitorinq keçirmişik, bəlkə də həmin monitorinqin hesabına bu preparat yanvarın 1-dən qadağan olunub. Bu isə Avropa Oyunlarının üstün cəhətidi. Həmin məsələ gündəmə elə gətirilir ki, sanki Avropa Oyunlarında qazanılan medalla dopinqin hesabına əldə olunub. Bu, tam şəkildə dəqiq deyil, siyasi məsələlər və ikili standartlardı. Bu, Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinin nüfuzunu aşağı salmaq üçündü”.

 

Rəhimov sonda dopinqdə “ilişən” Azərbaycan millisinin ağırlıqqaldıranları barədə də məlumat verib. O bildirib ki, həmin məsələ gündəmdədi: “Dopinq qəbul edənlər və federasiyada bəzi işçilər işdən azad olundular. Cərimələr verilib. Yeni bir şey yoxdu”.

 

Qeyd edək ki, ötən ilin sonunda keçirilən dünya çempionatından sonra 6 ağırlıqqaldıranımızın orqanizmindən istifadəsi qadağan olunan preparat aşkarlansa da, hələlik B testinin nəticəsi açıqlanmayıb.