21:32 11-03-2016
news_image
5651
DÖYÜŞ NÖVLƏRİ

Avropa çempionatında növbəti qızıl medal - YENİLƏNİB

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, çempionatın dördüncü günündə qadın və sərbəst güləşçilər mübarizəni yekunlaşdıracaqlar.

 

Belə ki, 58 kq və 69 kq çəkidə qadın, 70 kq və 125 kq çəkidə sərbəst güləşçilər qüvvələrini sınayacaqlar. Yığmamız bu çəkilərin hamısında təmsil olunacaq.  


Sərbəst güləş

Qadınlar

58 kq
Yığmamızın üzvü Natalya Sinişin mübarizəyə 1/8 finalda başlayıb. İlk görüşdə belaruslu Veranika İvanova ilə üz-üzə gələn güləşçi gərgin keçən döyüşdə qələbəyə sevinib - 4:2. O, ardınca Anna Vasilyenko (Ukrayna) və Elin Yohanna Nilssonla (İsveç) dueldən qalib ayrılıb. Rəqiblərini müvafiq olaraq, 5:0 və 12:2 hesabı ilə məğlub edən Sinişin finala yüksəlib.

 

Avropa çempionatında ilk titul arzusunda olan idmançı həlledici görüşdə Qrays Yakob Bullenlə (Norveç) görüşüb. Qarşılaşma təmsilçimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Sinişin karyerasında ilk dəfə qitənin ən güclüsü ünvanını qazanıb.

69 kq
Gözəl Zutova da yarışa ilk mərhələdən qoşulub. Lakin o, Sinişindən fərqli olaraq, qələbə qazana bilməyib. Təmsilçimiz Dalma Canevaya (İtaliya) uduzub - 3:5.

70 kq
Bu çəkidə ölkəmizi təmsil edən Gitinomaqomed Hacıyev də startdaca məğlubiyyətə uduzub. 1/8 finalda Azamat Nurikov (Belarus) idmançımıza 7:5 hesabı ilə qalib gəlib.

125 kq
Komandamızın ən ağır çəkili güləşçisi Cəmaləddin Məhəmmədov startdaca güclü rəqiblər qarşılaşıb. O, 1/4 finala yüksəlmək üçün Vladislav Baytçayevlə (Rusiya) qarşılaşıb və görüş təmsilçimizin 6:3 hesablı qələbəsi ilə yekunlaşıb. Artıq Rio-2016-ya lisenziyanı təmin edən idmançımız yarımfinala gedən yolda ukraynalı Alan Zaseyev səddini keçə bilməyib - 2:6.

Qeyd edək ki, yığmamızın üzvləri üç yarış günündə 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik (48 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş, Yuliya Ratkeviç (60 kq) və Hacı Əliyev (61 kq) bürünc medal qazanıb.