10:56 12-03-2016
news_image
1138
DÖYÜŞ NÖVLƏRİ

Natalya Sinişin: Başqa nəticəni heç ağlımdan da keçirmirdim

“Karyeramda ilk dəfədi ki, Avropa çempionluğunu qazanıram. Hisslərimi sözlə ifadə edə bilmirəm. Sadəcə, çox xoşbəxtəm”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin güləşçisi Natalya Sinişin deyib.

 

58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

İlk dəfə qitənin ən güclüsü adını qazanan Sinişin bildirib ki, yarışda Avropa Oyunlarındakı məğlubiyyətin də qisasını alıb: “Məşqçim final görüşündən əvvəl mənə “ağılla mübarizə apar, artıq hərəkətlər etmə” demişdi. İsveçli güləşçi ilə Avropa Oyunlarında da üz-üzə gəlmişdim. Həmin vaxt ona qalib gəlirdim. Lakin artıq hərəkətlər etdim və nəticədə məğlub oldum. Ancaq bu dəfə ağılla güləşdim”.

 

31 yaşlı pəhləvan Avropa çempionatına çox ciddi kökləndiyini söyləyib: “Bu turnirə çox ciddi hazırlaşmışdım. Əhvalım da yüksək idi. Yalnız çempionluq barədə düşünürdüm. Başqa bir nəticəni heç ağlımdan da keçirmirdim”.

 

Sinişin çempionluğu ailəsinə həsr etdiyini bildirib: “İlk növbədə bu uğuru qızıma, şəxsi məşqçim olan həyat yoldaşıma həsr edirəm. O, həmişə mənimlə olub, dəstəyini əsirgəməyib. Psixoloji cəhətdən də yaxşı hazırlaşmağıma kömək olurdu. Anama, qohumlarıma, mənə azarkeşlik edən hər kəsə minnətdarlığımı bildirirəm”.

 

Təcrübəli güləşçi bütün diqqətini Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına yönəldəcəyini vurğulayıb: "Olimpiadaya vəsiqə qazanmaq üçün əlimdən gələni edəcəm. 58 kq olimpiya çəki dərəcəsi olsa da, lisenziya uğrunda 60 kq çəkidə olan Yuliya Ratkeviçlə mübarizə aparacağıq. Görək, hansı qərar veriləcək”.