22:25 12-03-2016
news_image
4913
DÖYÜŞ NÖVLƏRİ

Latviyada günün yekunu: Bir "bürünc" - YENİLƏNİB

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışda bu gün yunan-Roma güləşçiləri mübarizə aparırlar.

 

Çəkisi 59, 66, 98 və 130 kq olan pəhləvanlar mübarizəyə qoşulublar. 

 

Yunan-Roma güləşi


59 kq

Ölkəmizi bu çəkidə təmsil edən Taleh Məmmədov yarışa 1/16 final mərhələsindən start verib. İlk qarşılaşmasında rumıniyalı Virgil Muntyanu ilə güləşən həmyerlimiz 6:2 hesablı qələbə sayəsində mərhələ adlayıb. O, 1/8 finalda Soslan Daurovla (Belarus) üz-üzə gəlib. Rəqibini təmiz qələbə ilə mübarizədən kənarlaşdıran həmyerlimiz 1/4 finalda Dmitri Tsimbalyukla (Ukrayna) güləşib. Görüş 2:2 hesabı ilə başa çatsa da, sonuncu xalı rəqib qazandığından, Məmmədov yarımfinala yüksələ bilməyib.

66 kq 
Avropa çempionatının ikiqat bürünc mükafatçısı Kamran Məmmədov bu dəfə medalının əyarını yaxşılaşdırmağa çalışır. Mübarizəyə 1/8 finaldan start verən idmançı danimarkalı Karl Anders Polla gücünü sınayıb. Məmmədov danimarkalıya göz açmağa imkan verməyib (8:0) və 1/4 finala adlayıb. Kamran yarımfinala gedən yolda serbiyalı Davor Stefaneklə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma həmyerlimiz üçün çətin alınıb və rəqib 9:0 hesablı qələbəyə sevinib. Lakin Stefanekin finala vəsiqə qazanması Məmmədovun təsəlliverici görüşlərdə iştirakını təmin edib. Kriştian Yaqerlə (Macarıstan) qarşılaşan Kamran 3:1 hesabı ilə qalib gələrək, bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. O, qitə çempionatında növbəti "bürünc"ü əldə etmək üçün Edqaras Venckaitisi (Litva) məğlub edib. Başından yüngül zədəsi olsa da, xalça üzərinə sarğı ilə çıxan pəhləvanımız 6:4 hesabı ilə qalib gələrək, hesabat gününün ilk medalını qazanıb.

98 kq
Millimizin medal ümidlərindən olan Orxan Nuriyevin də ilk döyüşü 1/8 finala təsadüf edib. Güləşçimiz bu mərhələdə Aleksandrs Safonovsu (Latviya) məğlub edib - 7:0. 1/4 finalda onun rəqibi almaniyalı Peter Oehler olub. Gərgin keçən görüşdən Orxan 3:2 hesablı qələbə ilə ayrılıb. Təmsilçimiz uğurlu seriyanı davam etdirə bilməyib. Yarımfinalda Nikita Melnikovla (Rusiya) üz-üzə gələn Orxan 1:4 hesabı ilə uduzub. O, Avropa çempionatında ilk dəfə fəxri kürsüyə yüksəlmək şansından isə istifadə edə bilməyib. 3-cülük döyüşündə idmançımız Aleksandr Hrabvikə (Belarus) məğlub olub və turniri 5-ci pillədə başa vurub.

130 kq
Komandamızın ən ağır çəkili üzvü Sabah Şəriəti qitə birinciliyinə uğursuz başlayıb. Ukrayna idmançısı Aleksandr Çernetski ilə güləşən təmsilçimiz rəqibinə 0:4 hesabı ilə uduzub. Lakin Çernetski finala kimi irəlilədiyindən, Şəriəti təsəlliverici görüşlərə qatılıb. O, öncə Lukaş Banakla (Polşa) qüvvəsini sınayıb və 9:0 hesablı asan qələbə qazanıb. Növbəti qarşılaşmada Sabahın rəqibi Eduard Popp (Almaniya) olub. Milliləşdirilmiş legionerimiz ilk görüşdə olduğu kimi, bu dəfə də məğlubiyyətə üzülərək, bürünc medal uğrunda mübarizəni də dayandırıb.

 

Qeyd edək ki, Avropa çempionatında sərbəst və qadın güləşi üzrə yarışlar başa çatıb. Yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik (48 kq) və Nataliya Sinişin (58 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş, Yuliya Ratkeviç (60 kq) və Hacı Əliyev (61 kq) bürünc medal qazanıb.