21:16 13-03-2016
news_image
3998
DÖYÜŞ NÖVLƏRİ

Yığmamız Avropa çempionatını 8 medalla başa vurdu - YENİLƏNİB

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, çempionatın son günündə yunan-Roma güləşi üzrə 71, 75, 80 və 85 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparıblar.

 

Azərbaycanın 4 güləşçisi xalça üzərinə çıxıb ki, onlardan yalnız biri - Həsən Əliyev (71 kq) bürünc medal qazana bilib.

 


71 kq

 

1/16 finaldan mübarizəyə qoşulan pəhləvanımız Həsən Əliyev ilk olaraq latviyalı Kristaps Kalnakarklisi mübarizədən kənarlaşdırıb – 8:0. Təmsilçimiz 1/8 finalda çexiyalı Yan Jijkaya da eyni aqibəti yaşadıb. Həsən Əliyevin 1/4 finaldakı rəqibi serbiyalı Aleksandr Maksimovilç olub. Güləşçimiz bu görüşü 1:3 hesabı ilə uduzub. Lakin Maksimovilç finala qədər irəlilədiyindən Həsən təsəlliverici görüşdə qüvvəsini sınayıb. O, isveçli Knut Zakarias Tallrothla qarşılaşıb. İsveçli güləşçini 8:1 hesabı ilə yolundan kənarlaşdıran idmançımız bürünc medal uğrunda türk güləşçi Yunus Özelle mübarizə aparıb. Rəqibinə heç bir şans verməyən idmançımız 8:1 hesablı qələbə qazanaraq, qitə birinciliyini bürünc medalla başa vurub.

 

75 kq 

 

Elvin Mürsəliyev də mübarizəyə 1/16 finaldan başlayıb. O da Həsən kimi ilk görüşdə latviya güləşçisini xalçaya çıxmağa peşman edib. Pəhləvanımız Jevgenijs Kolcovsu 8:0 hesabı ilə yarışdan kənarlaşdırıb. 1/8 rusiyalı Çingiz Labazanovla qarşılaşan Elvin bu rəqibini də rahat keçib. Təmsilçimiz 1/4 finalda Aliaksandr Dzemyanoviçlə münasibətlərinə aydınlıq gətirib. 9:6 hesabı ilə qalib gələn Elvin yarımfinala vəsiqə əldə edib. O, final uğrunda gürcü Zurabi Datunaşvili ilə mübarizə aparıb. 1:3 hesabı ilə məğlub olan pəhləvanımız ümidini "bürünc"ə bağlayıb. O, medal uğrunda döyüşdə erməni Karpet Çalyanla güləşib. Həmyerlimiz bu görüşdə məğlub olaraq, turniri 5-ci pillədə bitirib.


 

80 kq
 

Bu çəkidə ölkəmizi təmsil edən Rafiq Hüseynov ilk görüşündə 1/16 finalda monteneqrolu Rafael Samurqaşevi məğlub edib – 4:0. Güləşçimiz 1/8 finalda belarusiyalı Pavel Paminç ilə mübarizə aparıb və 5:4 hesablı qələbə qazanaraq, 1/4 finala adlayıb. Bu mərhələdə pəhləvanımız bolqar Daniel Aleksandrova uduzub - 4:8.

 


85 kq
 

İslam Abbasov ilk görüşündə polşalı Tadeusz Mixalikə uduzaraq mübarizəni erkən dayandırıb.

 

Qeyd edək ki, Avropa çempionatında sərbəst və qadın güləşi üzrə yarışlar da başa çatıb. Yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik (48 kq) və Nataliya Sinişin (58kq) qızıl, Cəbrayıl Həsənov (75 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş, Yuliya Ratkeviç (60 kq) və Hacı Əliyev (61 kq) bürünc medal qazanıb. 


Yunan-Roma güləşi üzrə yarışlarında isə güləşçilərimiz 2 bürünc medal qazanıb. Kamran Məmmədov (66 kq) və Həsən Əliyev (71 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.

 

Millimiz Latviya səfərini ümumilikdə 8 medalla başa vurub.