01:04 14-03-2016
news_image

Argentinada növbəti medal

Argentinanin paytaxtı Buenos-Ayresdə cüdo üzrə Panamerika açıq çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, mötəbər turnirdə Azərbaycan milli komandası aktivinə daha bir medal yazdırıb.

 

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Şahin Qəhrəmanov avstraliyalı Dieqo Baretto və argentinalı Mariano Bertolottini məğlub edərək 1/4 finala yüksəlib. Lakin1/4 finalda Rusiya təmsilçisi Kiril Denisova məğlub olaraq təsəlliverici görüşlərə qatılıb. Bu mərhələdə meksikalı İsao Kardenasa qalib gələn Qəhrəmanov bürünc medal uğrunda görüşdə komanda yoldaşı Tural Səfquliyevlə qarşılaşıb. Səfquliyevi də məğlub edən Şahin Qəhrəmanov bürünc medala sahib olub.

 

Cüdo üzrə Panamerika açıq çempionatında Əbdülhəqq Rəsullu (81 kq) və Tural Səfquliyev (90 kq) 5-ci olublar.

 

Digər cüdoçumuz Hüseyn Rəhimli (81 kq) isə mübarizəni erkən dayandırıb.

 

Xatırladaq ki, yarışın birinci günü 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Vüqar Şirinli qızıl medala sahib olub.

 

Bununla da, Azərbaycan milli komandası Argentinanin paytaxtı Buenos-Ayresdə cüdo üzrə Panamerika açıq çempionatında çıxışına 2 medal (1 qızıl və 1 bürünc) qazanaraq yekun vurub.

 

(Azərbaycan Cüdo Federasiyasının rəsmi feysbuk səhifəsi)