10:40 14-03-2016
news_image
1558
DÖYÜŞ NÖVLƏRİ

“...hamı dilxordu, 3-cü yeri tutmuşam, sevinmirəm” - Həsən Əliyev

“Beynəlxalq yarışlarda ilk dəfə 71 kq çəki dərəcəsində güləşirdim. Bu səbəbdən rəqiblərim barədə ətraflı məlumatım yox idi”. Apasport.az saytının məlumatına görə, bunu yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Həsən Əliyev deyib.

 

Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatında 71 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən idmançı fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

 

1/4 finalda serbiyalı Aleksandar Maksimovicə uduzaraq, bürünc medal qazanan təcrübəli pəhləvanımız məğlubiyyətin səbəblərini açıqlayıb: “Düzdü, əvvəllər də güləşdiyim rəqibə uduzdum. Bir az qaydaların çətinləşməyi, hakimlərin qərəzliyi, tez-tez xəbərdarlıq etmələri də məğlubiyyətimdə rol oynadı. Çox ciddi səhvim olmadı. Xəbərdarlıqla rəqib hesabı bərabərləşdirdi və sonra mənə də belə xal verilə bilərdi. Lakin bunu etmədi. Ən azından final güləşmək istəyərdim, amma 3-cü yer oldu. Qarşıda bizi yarışlar gözləyir. İstirahət etməyəcəyik. Olimpiada ilidi, lisenziya ümidimizi üzməmişik”.

 

Əliyev ilk lisenziya turnirindən kənar qalacağını da açıqlayıb. O bildirib ki, dünya çempionatında bu hüquqa yiyələnmədiyindən Olimpiada iştirak etmək şansını dünya və Avropa çempionu Rəsul Çünayevlə birgə yoxlayacaqlar: “Məşqçilər korpusu ilk lisenziya yarışında 66 kq çəki dərəcəsində birinci olaraq, Rəsulun güləşməyini qərara alıblar. O, 71 kq çəki dərəcəsində Avropa və dünya çempionu oldu. Təki ilk cəhddən bunu qazansın. Həmişə istəmişəm ki, komanda şəklində yaxşı nəticə verək. Avropa çempionatında hamı dilxordu, mən 3-cü yeri tutmuşam, sevinmirəm. Çünki komandada finalçı yoxdu. Allah eləməsin, əgər Rəsul ilk turnirdə lisenziya almazsa, ikinciyə məni planlaşdırıblar. Yəni, çəkimi 66 kq-a salıb, mən güləşəcəm. Bunlarla bağlı bütün qərarları məşqçilər verəcəklər. Əsas lisenziyanı əldə etməyimizdi”.

 

Qeyd edək ki, 71 kq çəki dərəcəsində Olimpiada proqramına daxil deyil. Qarşıda isə yığmamızı Bolqarıstan, Monqolustan və Türkiyədə lisenziya yarışları gözləyir.