09:02 15-03-2016
news_image
371
DİGƏR NÖVLƏR

İlham Əliyev "Formula-1"in Bakıda keçirilməsinin əhəmiyyətindən danışdı

Azərbaycan prezidenti İlham Əliyev Çexiya parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, dövlət başçısı Y. Hamaçeklə həm Azərbaycanda, həm də Çexiyada keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.

 

Prezident İlham Əliyev Çexiya parlamentinin Deputatlar Palatasının sədrinin böyük nümayəndə heyəti ilə Bakıya səfərini iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələləri yenidən nəzərdən keçirmək, əlaqələrimizin inkişafına təkan vermək və gələcəkdə görülə biləcək işləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığını vurğulayıb.

 

Y. Hamaçek isə dövlət başçıları arasında çox yaxşı qarşılıqlı təmasların olduğunu qeyd edib. İkitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğunu deyən qonaq hər iki ölkənin prezidentlərinin bu əlaqələrin inkişafına böyük töhfə verdiyini vurğulayıb. O, ölkələrimizin parlamentləri arasında da yaxşı əməkdaşlığın mövcud olduğunu bildirib. Ölkəmizə sonuncu dəfə Bakıda keçirilən birinci Avropa Oyunları zamanı səfər etdiyini məmnunluqla xatırlayan Y. Hamaçek Oyunların qısa müddət ərzində yüksək səviyyədə təşkili münasibətilə ölkəmizi və şəxsən prezident İlham Əliyevi bir daha təbrik edib.

 

Bakının artıq Avropanın idman paytaxtına çevrildiyini qeyd edən qonaq ölkəmizdə bu dəfə "Formula-1" yarışlarının keçirilməsinin bunun daha bir göstəricisi olduğunu deyib.

 

Prezident İlham Əliyev "Formula-1" yarışlarının Bakıda keçirilməsinin əhəmiyyətindən və bu istiqamətdə görülən işlərdən danışıb. Dövlət başçısı bu yarışın tamaşaçı auditoriyası baxımından Yay Olimpiya Oyunları ilə eyni səviyyədə tutulduğunu qeyd edib və tədbirin ölkəmizə olan marağı daha da artıracağına əminliyini bildirib.

 

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən enerji, bank sektoru, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.