13:41 15-03-2016
news_image
2975
DİGƏR NÖVLƏR

Rio-2016: 1 idmançı, 2 lisenziya

Azərbaycanın trek velosipedi üzrə qadınlardan ibarət yığma komandasının üzvü Olqa İsmayılova bu ilin avqustunda Rio-de- Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına 2 lisenziya əldə edib. Apasport.az saytının məlumatına görə, bununla bağlı Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) tərəfindən Azərbaycan Milli Olimpiya Komitəsinə və Azərbaycan Velosiped İdmanı Federasiyasına təsdiq məktubu göndərilib.

 

Qadın velosipedçimiz 4 illiyin zirvə yarışında ölkəmizi həm sprint, həm də keyrin yarışlarında təmsil edəcək.

 

Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından əvvəlki 2 il ərzində (2014-2015 və 2015-2016-cı illər mövsümü) velosipedçilər dünya və Avropa çempionatları, Dünya Kuboku yarışları da daxil olmaqla iştirak etdikləri bütün turnirlərdə olimpiadaya lisenziya xalları toplayırlar. Bu müddət ərzində bir sıra yarışlarda uğurla çıxış edən İsmayılova bununla da həm sprint, həm də keyrin növündə olimpiadada iştirak hüququ əldə edən 27 velosipedçi sırasına düşməyi bacarıb.

 

Qeyd edək ki, bununla da Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılarımızın sayı 35-ə çatıb. İsmayılovadan öncə Maksim Averin (velosiped idmanı), Maksim Şemberev (üzgüçülük) Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsayev (hamısı taekvondo, +80 kq), Oleq Stepko (idman gimnastikası), Marina Durunda (bədii gimnastika), Nazim Babayev (üçtəkanla tullanma), Hayle İbrahimov (5000 m), Anna Skidan (hər üçü atletika, çəkicatma), İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m), Valentin Demyanenko (kanoe, 200 m), Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 200 m), Yuri Meqliç (kanoe-slalom), Elvin Məmişzadə (52 kq), Albert Səlimov (boks, 60 kq), Pərviz Bağırov (hamısı boks, 69 kq), Elvin Mürsəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Saman Təhmasibi (hamısı yunan-Roma güləşi, 85 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (qadın güləşi, 58 kq), Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Camaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq) Olimpiadada iştirak hüququ qazanıb. Bununla yanaşı, kişilərdən ibarət ağırlıqqaldırma millimiz 4 vəsiqəyə sahib olub.