17:04 15-03-2016
news_image
781
DİGƏR NÖVLƏR

Avropa Olimpiya Komitəsi Bakıda iclas keçirdi

Bu gün “Boulevard Hotel Baku”da Avropa Olimpiya Komitəsinin (AOK) “İdmanda Gender Bərabərliyi” Komissiyasının iclası keçirilib. Milli Olimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, Litva Olimpiya Komitəsinin prezidenti, AOK-un İcraiyyə Komitəsinin üzvü Dayna Qudzineviçyutenin sədri olduğu komissiyanın tərkibində Polşa Olimpiya Komitəsinin prezidenti Andrzej Krasnicki, Finlandiya Olimpiya Komitəsinin prezidenti Risto Nieminen, üçqat Olimpiya çempionu Tatyana Lebedeva və digərləri iştirak ediblər.

 

Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi və komissiyanın üzvü Könül Nurullayeva “İdmanda gender bərabərliyi” mövzusunda çıxış edib.

 

Tədbirdə Praqada keçirilmiş öncəki iclasın xülasəsi və gələcək işlərin planı müzakirə olunub. Gündəlikdə həmçinin, Avropa Olimpiya Komitələrinin gender məsələləri ilə bağlı fəaliyyət planı, strategiyası da yer alıb.

 

İclasda gender bərabərliyi ilə bağlı digər təşkilatlarla əməkdaşlıq razılaşmaları, həmçinin AOK-un İcraiyyə Şurasına təqdim olunacaq təkliflərlə bağlı söhbətlər olub.

 

Qeyd edək ki, tədbir 8 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilib.