18:41 18-03-2016
news_image

Bakı klubu liderə qarşı ikinci heyətini çıxaracaq

Ümumdünya Boks Seriyasında (WSB) mübarizə aparan “Baku Fires” klubu martın 19-da növbəti görüşünə çıxacaq. Apasport.az saytının məlumatına görə, komandamızın Daşkənddə “Uzbek Tigers” in qonağı olacaq.

 

Özbəkistan komandası 10 xalla D qrupunun lideridi. “Baku Fires” ötən tur Bakıda “Astana Arlans”a uduzduqdan sonra qrupda 3-cü yeri tutur.

 

Komandaların heyəti

49 kq: Nodirjon Mirzaaxmedov - Rəsul Saliyev

56 kq: Abdulxay Şaraxmetov - Yaraş Məhəmmədov

64 kq: Fazliddin Meliboyev – Zaur Abdullayev

75 kq: Uluqbek Haqberdiyev – Levani Luxutaşvili

91 kq: Serdorbek Beqaliyev – Hacı Murtuzəliyev

 

Bu dəfə komandamızın baş məşqçisi Nuripaşa Talibov Özbəkistana demək olar ki, ikinci heyəti aparıb. 56 kq çəki dərəcəsində 1-ci nömrə Məhəmməd Qurbanov müalicə olunduğundan Daşkənddə Məhəmmədov rinqə çıxacaq. 64 kq çəki dərəcəsində isə Heybətulla Hacəliyev zədəli olduğu üçün onu gənc Zaur Abdullayev əvəzləyib. Gürcüstan boksçusu Levani Luxutaşvili klubumuzun heyətində debüt edəcək.

 

“Uzbek Tigers”in heyətində isə yetərincə güclü boksçular çıxış edəcək. Yaraş Məhəmmədovun rəqibi Şaraxmetov ötən il Mahaçqalada keçirilən Umaxanov turnirinin qalibi olub. 91 kq çəki dərəcəsində mübarizə aparan Beqaliyev də “Uzbek Tigers”in ən təcrübəli boksçularındandı. O, hələ 2010-cu ildə Sinqapurda keçirilən yeniyetmələrin ilk Olimpiya oyunlarında bürünc medala layiq görülüb.