10:32 28-03-2016
news_image
3543
TOP OYUNLARI

“Azəryol” etiraz edir: İlk oyun yenidən keçirilsin!

“Azəryol” Azərbaycan Super Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Azərreyl”lə keçirilən ilk görüşün yenidən oynanılmasını istəyir. Bu barədə apasport.az saytına məlumatı “Azəryol” klubundan veriblər.

 

Belə ki, 1:3 hesabı ilə uduzan komanda rəhbərliyi qarşılaşmadan etiraz verib. Onlar matçın protokolunda hakimliyin qeyri-obyektivliyindən şikayət ediblər. İddia olunur ki, Eldar Zülfüqarovla Zaur Hacıyev matçı qərəzli idarə ediblər.

 

Zülfüqarov görüşün gedişində “Azəryol”un baş məşqçisi Ziya Rəcəbova da qırmızı vərəqə göstərib və qaydalara əsasən rəqibə əlavə 1 xal verib.

 

Artıq etiraz üçün 500 manat da pul ödəyən “Azəryol” Azərbaycan Voleybol Federasiyasının (AVF) yekun qərarını gözləyir. Qurumun bunu bu gün açıqlayacağı gözlənilir. 

 

Lakin AVF-in yerli yarışlar üzrə koordinatoru Oqtay Musayev saytımıza bildirib ki, matçın yenidən oynanılması gündəmdə deyil.

 

Onun sözlərinə görə, etiraza baxıldıqdan əgər referilərin səhvi aşkarlanarsa, onlar cəzalanacaqlar: “Matçda hansısa qərəzdən söhbət gedə bilməz. Biz bu gün həmin oyununun videoyazısına bir daha baxacağıq. Burada görüşün yenidən keçirilməsi gündəmdə deyil. Sadəcə, təkrar izləmə nəticəsində hakimlərin cəzalanması mümkündü. Yəni onların qiyməti aşağı salına və 2 oyunluq diskvalifikasiya oluna bilərlər. Oyunda səhvlər aşkarlanmazsa, qarşılaşmada hakimə etirazına görə “Azəryol”un cəzalanacaq”.