15:26 29-03-2016
news_image
2873
TOP OYUNLARI

“Biz gümüş yox, qızıl medala iddialıyıq” - Mariya Filipova

“Telekom”un voleybolçusu Mariya Filipovanın apasport.az saytına müsahibəsi

 

- Komandanız Super Liqanın yarımfinal mərhələsində “Lokomotiv”i hər iki matçda məğlub edərək (3:1; 3:2) finala yüksəldi. “Dəmiryolçular”ı keçmək çətin olmadı ki?

- İkinci oyun bizim üçün yaxşı başladı. İlk setdə qalib gəldik. Bilirdik ki, birinci matçda qalib gəldiyimizdən, ağır oyun olacaq. Amma öz gücümüzə də tam əmin idik ki, qələbə qazana bilərik.

 

- Tay-brek, xüsusilə, sizin üçün asan alınmadı. Həlledici hissəyə yaxşı başlasaz da, sonda rəqib sevinə bilərdi. Zoran Qayiç taym-autda sizi oyuna necə “qaytardı”?

- O, bizə tapşırıqlarını lazımınca yerinə yetirib, qalib gəlməyi tövsiyə etdi. Biz də bunu gerçəkləşdirib, finala yüksəldik. Fikrimcə, hər iki komanda yaxşı voleybol nümayiş etdirdi. Düşünürəm ki, azarkeşlərə də oyuna baxmaq maraqlı idi. Finalı izləmək üçün isə zala daha çox tamaşaçının gələcəyinə ümid edirəm.

 

- Finala yüksəlməyiniz çoxları üçün gözlənilməz oldu. Komandada da bu, sürpriz hesab edildi?

- Yox. Bizim üçün hansısa sürpriz olmadı. Bu, mövsümün əvvəlində qarşımıza qoyulan vəzifə idi. Biz il ərzində məşq edib, yaxşı oynayırdıq ki, finala yüksələk.

 

- Artıq gümüş medalı təmin etmisiz. Bu da “Telekom” üçün yaxşı nəticə sayılır. Çünki komandanız ilk dəfədi mükafatçılar sırasına düşür. Həlledici dueldə qızıl medal qazanmayacağınız halda, buna çox üzülməyəcəksiz ki? Hər halda, “gümüş” də pis deyil...

- Əlbəttə, qızıl medal qazanmaq istərdik. Bizim məqsədimiz həmişə yaxşı oyun göstərmək, öz çıxışımızdan həzz almaq və qələbə qazanmaq olub. Bir sözlə, biz gümüş yox, qızıl medala iddialıyıq. 

 

- Finalda “Azərreyl”lə, yoxsa “Azəryol”la qarşılaşmaq istərdiz? Necə düşünürsüz, hansı rəqib sizə daha çox çətinlik yaradar?

- Bizim üçün fərqi yoxdu. Hər komandanın özünəməxsus keyfiyyətləri var. “Lokomotiv” çempionatın ən yaxşı komandalarından biri idi, ancaq biz onlara qalib gəlməyi bacardıq.

 

- Azərbaycanda “Telekom”dan öncə, “Lokomotiv”də də çıxış etmisiz, orda Super Liqanın gümüş medallarını qazanmısız. Bu mənada, sabiq komandanızı mübarizədən kənarlaşdırmaq sizin üçün ağır deyildi?

- “Lokomotiv”də gözəl günlərim olub. Bu komandanın heyətində Azərbaycan çempionu ola bilmədiyim üçün təəssüflənirəm. Ancaq bunlar keçmişdə qalıb. Bu gün haqda düşünmək və irəli baxmaq lazımdı. Hazırda “Telekom”un voleybolçusuyam. Çempionluq şansımız var və bu şansdan istifadə etmək lazımdı.

 

- “Telekom”un heyətində yer alan gənc voleybolçulardan kimi ən perspektivli sayırsız?

- Kimisə ayırmaq istəmirəm. Hamısına “afərin” düşür və hər birinin böyük voleybolda gələcəyi var. Sadəcə, özünə və komandana inanmaq lazımdı. Bu, uğura aparan yoldu.