16:52 30-03-2016
news_image
3353
TOP OYUNLARI

“Bakıdakı tanışlıq sonradan sevgiyə çevrildi” -MÜSAHİBƏ

“Lokomotiv”in sabiq voleybolçusu Vera Klimoviçin apasport.az saytına müsahibəsi

 

- Müəyyən müddətdi İtaliyanın A2 seriyasında “Forli”də oynayırsız. Bu ölkədə işləriniz necə gedir?

- Hər şey yaxşıdı. Biz A2 seriyasının kubokun qalibi olduq. Hazırda İtaliya çempionatında çıxışımızı davam etdiririk və birinci pillədə qərarlaşmışıq.

 

- A seriyasına çıxmaq şansınızı necə dəyərləndirirsiz?

- Bəli, A1 seriyasına yüksəlmək şansımız var. Hər şey ancaq özümüzdən, necə oyun göstərməyimizdən asılıdı. 3 vacib oyunumuz və 2 variantımız qalıb. Əgər qələbə qazansaq, aprelin 10-da çempionatı 1-ci yerdə yekunlaşdıracağıq. Uduzacağımız halda isə pley-offda iştirak edəcəyik və çempionatın müddətini daha 1 aylıq uzadacağıq.

 

- 5 mövsüm Azərbaycanda oynamısız. Super Liqada mükafatlar qazanmısız. Bakıdan ötrü darıxırsızmı?

- Əlbəttə. Azərbaycanda keçirdiyim 5 mövsüm ərzində özümə çoxlu dost qazandım. Hazırda Bakı mənim ikinci evimdi. Azərbaycanda çox şey öyrəndim və peşəkar oyunçu kimi yetişdim. 5 il birgə işlədiyimizə görə sabiq komandam “Lokomotiv”ə və klub rəhbərliyinə təşəkkürümü bildirirəm.

 

- Hazırda da Super Liqanı izləyirsizmi?

- Bəli, izləyirəm. Bilirəm ki, bu gün “Azərreyl” – “Azəryol” matçı olacaq və qalib gələn finala adlayaraq, “Telekom”la qarşılaşacaq.

 

- A2 kobokunun finalı sürprizlə başa çatdı. Mükafatlandırma zamanı komandanızın baş məşqçisi Ancelo Vercesi sizə evlilik təklif etməklə çoxlarını təəccübləndirdi. Bu sizin üçün də gözlənilməz idi?

- Mən üçün böyük sürpriz idi. Belə olacağı barədə nəsə bilmirdim. Razıyam ki, Vercesi həqiqətən də təəccübləndirdi. Çox romantik və emosional alındı.

 

- Ancelo Vercesi də Azərbaycanda işləyib. Siz onunla Bakıda tanış oldunuz?

- Bəli, düzdü. Biz Ancelo ilə Bakıda tanış olmuşuq.

 

- Elə tanış olduğunuz vaxtdan sevgi münasibətləriniz vardı, yoxsa bu voleyboldan kənara çıxmırdı?

- Mənim üçün hər şey tədricən baş verdi. Bakıdakı tanışlıq sonradan sevgiyə çevrildi.

 

- Toyunuzun vaxtını dəqiqləşdirmisizmi? Ümumiyyətlə, toydan sonra bal ayı üçün tanış olduğunuz Bakıya gəlməyiniz mümkündümü?

- Hələ tarixi dəqiqləşdirməmişik. İlk növbədə lazım olan sənədləri toplamaq lazımdı. Bundan sonra hər şeyə aydınlıq gələcək. Bal ayında niyə də Bakıya gəlməyək ki? Bəlkə də elə ora gəldik...