14:15 04-04-2016
news_image
402
DİGƏR NÖVLƏR

Avropa Gimnastika İttifaqının bayrağı Azərbaycana təqdim olundu - FOTO

İspaniyanın Valyadolid şəhərində keçirilən batut gimnastikası, tamblinq və ikili mini batut Avropa çempionatı başa çatıb. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycanı batut gimnastikası üzrə yarışlarda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Dmitri Fedorovski və Sabina Zaytseva, tamblinq üzrə turnirdə Mixail Malkin təmsil edib. Federovski, həmçinin ikili mini batut üzrə yarışlarda da mübarizə aparıb.

 

İkili mini batut üzrə yarışlarda debüt çıxışımız uğurlu alınıb. Hakimlərdən 74.100 xal toplayan Fedorovskiy fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. 1-ci və 2-ci yerləri isə Rusiya idmançıları öz aralarında bölüşdürüblər.

 

Təsnifat mərhələsinin nəticələrinə əsasən, Azərbaycanın batut gimnastikası üzrə təmsilçiləri ilk dəfə olaraq həm fərdi, həm də sinxron çıxışlarda finala – Avropanın 8 güclü gimnastları sırasına daxil ola biliblər. Nəticədə, Piunov özünün ən yaxşı çıxışını (57.525) nümayiş etdirərək, fərdi çıxış proqramı üzrə yarışlarda 5-ci yeri tutub. Oleq sinxron cütlük tərkibində İlya Qrişuninlə birlikdə 7-ci yerdə qərarlaşıb.

 

Malkin də ilk dəfə olaraq Avropa çempionatında tamblinq üzrə yarışlarda finala vəsiqə qazanaraq, 8-ci olub.

 

Sonda, bağlanış mərasimində, batut gimnastikası üzrə növbəti - 26-cı Avropa çempionatının 2018-ci ildə Bakıda keçiriləcəyindən, Avropa Gimnastika İttifaqının (UEG) bayrağı Azərbaycana təqdim olunub. Rəmzi UEG-nin vitse-prezidenti kimi səlahiyyətləri çərçivəsində hazırkı çempionatın Apelyasiya Kollegiyasının prezidenti, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov qəbul edib.

 

Qeyd edək ki, ölkəmizdə batut gimnastikasının 2013-cü ilin sonundan inkişaf etməsinə baxmayaraq, ölkəmiz artıq bu il Bakıda batut gimnastikası üzrə Dünya Kubokunu uğurla təşkil edib.