15:40 04-04-2016
news_image
2673
TOP OYUNLARI

Çempionlar Liqasına son vəsiqə, “ac” “Lokomotiv” və “qızıl” savaşında birinci səhnə

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqası həlledici mərhələyə qədəm qoyacaq. Apasport.az saytının məlumatına görə, çempionatda mübarizəni davam etdirən 4 komanda mükafata doğru ilk addımını atacaq.

 

Bürünc və qızıl medallar uğrunda seriya 3 qələbəyədək davam edəcək. Ehtiyac olacağı halda əlavə matçlar da oynanılacaq.

 

Bakı İdman Sarayında keçiriləcək qarşılaşmalarda ilk olaraq, “Azəryol” “Lokomotiv”i sınağa çəkəcək. Bürünc medal uğrunda görüşdə “dəmiryolçular” favorit göstərsələr də, Ziya Rəcəbovun yetirmələrinin qalib gəlməsi sürpriz sayılmayacaq. Çünki hazırda “Lokomotiv” yaxşı günlərini yaşamır və komanda 4 aydı maaş üzünə həsrətdi. Onların yarımfinalda “Telekom”la oyunları da göstərdi ki, müxtəlif ölkələrdən yığılan heyət mövsümü “yola verməklə” məşğuldu.

 

Əvəzində “Azəryol”un əzmkarlıqla diqqət mərkəzinə düşməsi də gözləniləndi. Komanda CEV kubokunda və çempionatın əsas mərhələsinin son görüşlərində göstərdiyi oyunu nümayiş etdirə bilsə, tarixində ilk mükafatı qazana bilər.

 

Finalda isə “Telekom” “Azərreyl”lə üz-üzə gələcək. Bu matçda da aşkar favorit yoxdu. Çünki gənclərə güvənən “Telekom”la təcrübəlilərdən qurulan “Azərreyl” heç də sabit çıxış etmirlər.

 

Lakin tarixində ilk medalını təmin edən Zoran Qayiçin yetirmələrinin yarımfinalda “Lokomotiv”i “rels”dən çıxarması, onların üstünlüyüdü. Komanda Karlo Parisinin yetirmələri ilə görüşdəki kimi əzmkar mübarizə aparsa, çempion olmaq şansı da yüksəkdi.

 

Fəxri kürsünün ən yüksək pilləsini isə “Azərreyl” “Telekom”dan daha çox arzulayır. Onlar çempionatımızın Super Liqaya çevrilməsindən sonra 7 illik həsrətə son qoya bilərlər. “Rabitə”nin dağılmasından sonra bu şansa malik “dəmiryolçular” yenə də “gümüş”lə kifayətlənsə, bu, onların yeni mövsümdə iddialı olmasını sual altında qoyacaq.

 

Qeyd edək ki, yeni qaydalara əsasən finalçılar Çempionlar Liqasına vəsiqə qazandığından, üçüncü yer uğrunda görüşdə qalib gələcək komanda yeni mövsümdə bu yarışdakı sonuncu təmsilçimiz olacaq. Lakin “Azərreyl”lə “Telekom”dan fərqli, təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

 

 

Final mərhələsi

5 aprel

I oyunlar

 

Üçüncü yer uğrunda

16:00. “Azəryol” - “Lokomotiv”

 

Final

18:00. “Telekom” - “Azərreyl”