20:04 08-04-2016
news_image
2678
TOP OYUNLARI

“Yaxşı futbolçu olmaq üçün başqa çıxış yolu yoxdu” – Qurban Qurbanov

“Bu gün 3 xal qazanmaq üçün istəkli idik. Rəqib son vaxtlar yaxşı formada idi. Komandam nəticə üçün oynamağı bacardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Topaz Premyer Liqasının XXIX turu çərçivəsində öz meydanında “Kəpəz”i darmadağın edən ağdamlıların çalışdırıcısı matç haqqında fikirlərini bölüşüb: “Topsuz da yaxşı oynayıb, rəqibin sürətli hücumlarının qarşısını aldıq. Bu gün stadionda futbol ab-havası var idi. Əsgərlərimizi yada salırdıq. Qarşıdakı oyunlara hazırlaşmaq vaxtımız var”.

 

- “Qarabağ” avrokubuklara potensial namizəddi. İkinci hissədə rəqib lazımi pressinq göstərə bilmədi. Sizi narahat etmir ki, çempionatda 90 dəqiqə sizi oynamağa məcbur edəcək komanda yoxdu?

- Biz indi özümüzü düşünürük. Ola bilər bu gün ikinci hissə asan göründü. İlk yarıda topa daha çox sahib olmağı istəyirdik, amma ikinci hissədə bunu edə bildik. Düşdüyümüz mühitə uyğun olanları yerinə yetirmək istəyirik. Avrokuboklara hələ çox var. Qarşıda bizi hələ çempionat oyunları gözləyir.

 

- Namiq Ələsgərovu komandaya qaytaracaqsız?

- İcarə müddəti başa çatandan sonra bizim futbolçu olacaq.

 

- Şahin Diniyev onlara dərs keçdiyinizi dedi. Həqiqətən, “Kəpəz”ə futbol dərsi keçdiyinizi düşünürsüz?

- Komandadan hər oyun nə isə tələb edirəm. Ola bilər bu, bizdə alındı, amma rəqibdə yox. Matçda bir çox epizod var ki, iradlarımı futbolçulara bildirəcəm.

 

- Sanki Mahir Mədətovun “gözünü qırmısınız”, sizdən çox çəkinir...

- Yaxşı futbolçu olmaq üçün başqa çıxış yolu yoxdu. Hətta ilk yarıda bəzi epizodlara görə iradlarım var. Gənc futbolçunun düşüncələri oyunda olmalıdı. Yaşı azdı, çatışmazlıqları var.

 

- Stadionda möhtəşəm ab-hava var idi. Özünüzü bölük komandiri kimi hiss etmədiniz?

- Biz daim özümüzü əsgərlərimizin yanında hiss edirik. Orda olmaq istəyirik. Hazırda onlara köməyimiz elə orada olmamaqdı. Ali Baş Komandan hər hansı əmr versə, yerinə yetirməyə hazırıq.

 

- “Qarabağ” rəqiblərindən bir baş üstündü. Hər dəfə komandanı oyuna çıxarmaq motivasiya baxımından sizə çətin gəlmir?

- Heç bir komandanı özümüzdən zəif saymamışam. Bütün rəqiblərə qarşı komandanı maksimum motivasiya etməyə çalışırıq.

 

Sonda 17 yaşılılardan ibarət komandamıza da uğurlar arzu edirəm. Bu yaşda futbolçuların yarışını təşkil etmək məncə daha yaxşı oldu. Bu, hamının futbola marağını daha da artıracaq.