14:47 10-04-2016
news_image
2656
DÖYÜŞ NÖVLƏRİ

Taekvondoçularımızdan daha 1 qızıl, 2 gümüş və 1 bürünc medal

Taekvondo üzrə yığma komandamız Almaniyanın Bonn şəhərində keçirilən "DTF Prezidentinin Kuboku" G-2 kateqoriyalı yarışda çıxışını başa vurub. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın ikinci və üçüncü günü komandamız üçün uğurlu alınıb.

 

Belə ki, turnirin ikinci günündə 80 kq çəki dərəcəsində ölkəmizi təmsil edən, Avropa Oyunlarının və Dünya Kubokunun qalibi Milad Beigi Harçeqani, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ilk pilləsinə qalxıb.

 

Çempionluq yolunda o, əvvəlcə rusiyalı Dmitri Zakrepini (12:0), xorvatiyalı Luka Horvatı (11:6) və polyak Pyotr Pazinskini (6:3) məğlub edərək yarımfinala vəsiqəni təmin edib.

 

Finalın bir addımlığında isə adlı sanlı Moldova təmsilçisi Aaron Kuk (13:2) mübarizədən kənarlaşdırılıb.

 

Həlledici görüşdə Türkiyə yığma komandasının üzvü Yunus Sarını məğlub edən Milad reytinq aktivinə 20 xal və yığma komandamız üçün Avropa çempionatına bu çəki dərəcəsində əlavə bir lisenziya qazandırıb.

 

Prezident kubokunun üçüncü və son günü də medalla başa çatıb. Daha 3 təmsilçimiz mükafatçılar sırasında yer alıb.

 

Belə ki, 54 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Məcid Sofiyev və Avropa Oyunlarının bürünc mükafatçısı, Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək Patimat Abakarova (53 kq) yalnız final döyüşündə rəqibə məğlub olaraq, yarışı gümüş medalla başa vurub. Ondan fərqli, Səid Quliyev (74 kq) 3-cü yerlə kifayətlənib.

 

Beləliklə, turnir yığmamız üçün 5 medalla başa çatıb.

 

Qeyd edək ki, yarışın ilk günündə Məhəmməd Məmmədov da gümüş medal qazanıb.