16:27 11-04-2016
news_image
1221
STOLÜSTÜ OYUNLAR

“Azərbaycan şahmat tarixində ən yaxşı olimpiadanı təşkil edəcək” - Georgios Makropulos

"Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin işini yüksək qiymətləndirirəm. Hazırlıq plan üzrə davam edir”. Apasport.az saytının məlumatına görə, bunu FİDE vitse-prezidenti Georgios Makropulos deyib.

 

Beynəlxalq Şahmat Federasiyasının prezidenti vəzifəsini icra edən Makropulos Bakıya səfərin yekunlarıyla bağlı Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətinin suallarına cavab verib. O, gördüklərindən razı qaldığını bildirib: “Səfər zamanı olimpiadanın keçiriləcəyi “Crystal Hall”da olduq. Çox möhtəşəm arenadı. Olimpiada zamanı şahmatçılar üçün hər cür şərait yaradılacağına əmin olduq. Kütləvi yarış olduğu üçün eyni zamanda 300-dən çox komanda yarışacaq. Ona görə geniş məkan vacibdi. “Crystal Hall”da dediyimiz böyük məkan var. Nəqliyyat və viza məsələləriylə bağlı danışdıq. Fikrimcə təşkilatçılar işlərinə ciddi yanaşıblar. Çünki, bu məsələdə problem olmayacağını düşünürəm. Biz, eyni zamanda arenada təhlükəsizlik, media otaqları və tamaşaçılar üçün ayrılan yerlərlə tanış olduq. Hazırlıq demək olar ki, həlledici mərhələyə qədəm qoyur".

Makropulos Azərbaycan paytaxtının şahmat yarışlarını keçirmək üçün böyük təcrübəyə sahib olduğunu bildirib: "Bakı indiyə qədər şahmat üzrə Qran-pri, Dünya Kuboku kimi bir sıra mötəbər yarışlara ev sahibliyi edib. Olimpiada şahmat aləmində ən böyük turnirdi. 175-dən çox ölkənin iştirakı gözlənilir. Bütün şahmat aləminin diqqəti Bakıya yönələcək. Bu mənada hər bir detala ciddi yanaşmaq önəmlidi. Bakıda olduğumuz zaman iştirakçı və qonaqların məskunlaşacağı otellərlə əməkdaşlıq müqavilə imzalandı. Fikrimcə Azərbaycan şahmat tarixində ən yaxşı olimpiadanı təşkil edəcək".

Vitse-prezidentin sözlərinə görə, bundan sonra FİDE rəsmiləri 42-ci Bakı Şahmat Olimpiadasının hazırlıq işləriylə tanış olmaq üçün hər ay Bakıya səfər edəcəklər: "İndiyə qədər görülən işləri yüksək qiymətləndiririk. Həlledici mərhələyə başladığımızdan hər ay nümayəndələrimiz Azərbaycana gələcək. Lazım olan sahədə mütəxəssislərimiz Əməliyyat Komitəsinə kömək edəcək. Bildiyiniz kimi, olimpiada vaxtı FİDE-nin növbəti konqresi də keçiriləcək. Hər iki tədbirə hazırlıq işlərinin gedişindən razıyıq. Növbəti aylarda iştirakçıların qeydiyyatı aparılacaq". 

Qeyd edək ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.