11:14 13-04-2016
news_image
2582
DİGƏR NÖVLƏR

Formula-1 yarışında Bakıya gələcək ulduzlar

İyunun 17-19-da Bakıda keçiriləcək Formula-1 Avropa Qran-prisi çərçivəsində baş tutacaq konsert proqramlarında iştirak edəcək dünya ulduzlarının adları açıqlanıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) apasport.az saytına verilən məlumata görə, dünya musiqisinin ən məşhur simalarından üçü – Kris Braun, Enrike İqlesias və Farel Vilyams yarış ərəfəsində azarkeşləri əyləndirəcəklər.

 

Belə ki, Braun özünün yüksək enerjili məşhur şousu ilə möhtəşəm musiqi və idman həftəsonuna rəng qataraq əyləncə proqramına iyunun 17-də start verəcək. Amerikalı müğənni, bəstəkar və rəqqas trekdə turnirin ilk günü sona çatdıqda minlərlə Formula-1 azarkeşinin qarşısında özünün “Yeah3x”, “Look At Me Now” və “Beautiful People” kimi məşhur hitlərini ifa edəcək. 

 

Ertəsi günü dünyanın ən məşhur canlı musiqi ifaçısı adını qazanmış İqlesias coşğulu konsert proqramı ilə səhnədə yer alacaq. “Latın Pop Musiqisinin Kralı” kimi tanınan ispan əsilli müğənni səhnədə özünün “Hero”, “Bailamos” və “I Like It” kimi məşhur hitlərini səsləndirəcək. Ehtiraslı balladaları və yüksək enerjili rəqs musiqilərindən ibarət albomları ilə dünyada 137 milyon ədəd satış rekordu qıran ifaçı, təsnifat yarışları sona çatdıqdan sonra Dənizkənarı Bulvarda yerləşən Formula-1 Şəhərciyində öz mahnıları ilə tamaşaçıları coşduracaq.

 

İyunun 19-da yaddaqalan yarış həftəsonu başa çatarkən Vilyams əsas səhnədə yer alaraq öz məşhur musiqi proqramı ilə 2016-ci il Formula-1 Avropa Qran-prisinə yekun vuracaq. Bir çox istedada malik amerikalı ifaçı, bəstəkar və prodüser musiqi tarixində “Get Lucky”, “Happy” və “Frontin” kimi populyar hitlərinin və digər musiqi parçalarının müəllifi kimi tanınır. Formula-1 Avropa Qran-prisində axırıncı avtomobil finiş xəttini keçdikdən bir neçə saat sonra Vilyamsın mükəmməl ifası ilə Bakıda ilk dəfə keçirilən tədbiri başa çatdıracaq. 

 

Qeyd edək ki, konsertlərə giriş ödənişsizdi və bu proqramda ancaq Avropa Qran-prisinə bilet alanlar iştirak edə biləcəklər. Bununla yanaşı, 3 günlük bilet sahibləri eksklüziv olaraq Pit Yoluna, pilotların gündəlik avtoqraf sessiyalarına və yarış həftəsonu ərzində trek boyu təşkil olunmuş müxtəlif əyləncə tədbirlərinə qatıla biləcəklər.