00:23 14-04-2016
news_image

Samsunda ötən günün yekunu: Finala doğru daha 5 vəsiqə

Türkiyənin Samsun şəhərində boks üzrə Avropa Olimpiya Təsnifat Turniri davam edir. Azərbaycan Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, dünən günün ikinci yarısında rinqə çıxan üç boksçumuzdan ikisi yarımfinal mərhələsinə adlaya bilib.

 

56 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev bolqar Stefan İvanovla qarşılaşıb. Döyüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Rəqibini 3:0 hesabı ilə üstələyən Çələbiyev yarımfinal mərhələsinə yüksəlib.

 

1/4 finalda çıxış edən daha bir idmançımız Abdulqədir Abdullayev (91 kq) də finalın bir addımlığındadı. İrlandiyalı Darren Onili yolundan kənarlaşdıran atletimiz yarımfinal həyəcanı yaşayacaq.

 

Dünən günün ikinci yarısında rinqə çıxan digər təmsilçimiz Rüfət Hüseynov isə (49 kq) ispaniyalı Karmon Herediyə uduzaraq, mübarizəni dayandırıb.

 

Qeyd edək ki, aprelin 13-də daha 3 idmançımız yarımfinal mərhələsinə keçmənin sevincini yaşamışdı. Lorenso Sotomayor (64 kq) və Məhəmmədrəsul Məcidovla (+91 kq) bərabər xanım boksçu Yana Alekseyevna final uğrunda mübarizə aparmağa haqq qazanıb.