12:52 15-04-2016
news_image
541
TOP OYUNLARI

“Kökdən düşmüş” yığmamız üçün həlledici mərhələ başlayır

Kişi basketbolçular arasında Azərbaycan çempionatı həlledici mərhələyə qədəm qoyur. Apasport.az saytının məlumatına görə, oktyabrın 31-də start götürən yarışda sabah pley-off mərhələsinin ilk qarşılaşmaları baş tutacaq.

 

Günün birinci matçında AzTOP "Bakı"nı sınağa çəkəcək. Matçın gərgin keçəcəyi gözləniləndi. Çünki əsas mərhələdə komandalar öz aralarında hərəyə bir qələbə qazandıqlarından (78:93; 113:69), bu dəfə daha güclünü sübut etməyə çalışacaqlar.

 

Mərhələnin digər cütündə də eyni hadisənin yaşanacağı sözsüzdü. NTD BK və "Baku Oilers" da ilk 2 dövrədə öz aralarında “heç-heçə” (52:65; 107:66) oynayıblar. Lakin əsas mərhələni lider kimi başa vuran nominal ev sahiblərinin şansları yüksək qiymətləndirilir.

 

Hər halda, bu 2 görüş ölkəmiz üçün vacib əhəmiyyətə malikdi. Yeni formalaşacaq yığmamız məhz bu klubların hesabına ayaq üstə durmaq fikrindədi. Çünki həmin klublarda perspektivli basketbolçular yer alıb və yığma rəhbərliyi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən “Noouruz-2016”dakı biabırçılığı tezliklə unudacağını proqnozlaşdırır. Hər halda, millimiz Bişkekdə Qazaxıstan klublarına 45-50 top fərqi ilə uduzaraq, artıq “kökdən düşdüyünü” göstərmişdi. Pley-off oyunlarında isə yeni baş məşqçi Samit Nuruzadənin hər bir basketbolçuya xüsusi diqqət yetirəcəyini və onları düşərgəyə cəlb edərək, ölkənin 1 nömrəli komandası ilə irəli aparacağını gözləmək olar. 15 ildən çox ölkə xaricində çalışmış, sabiq baş məşqçi Elxan Əliyevlə müqayisədə müasir basketbola üstünlük verən mütəxəssis pley-off oyunları öncəsi təşkil etdiyi təlim-məşq toplanışı ilə də bunu sübut etdi.  

 

Qeyd edək ki, pley-off matçları 2 qələbəyədəkdi.

 

 

16 aprel

Pley-off mərhələsi

İlk oyunlar

 

17:00. AzTOP - "Bakı"

19:00. NTD BK - "Baku Oilers"