01:26 16-04-2016
news_image
1785
DÖYÜŞ NÖVLƏRİ

Boksçumuz üçün vacib tapşırıq: Ermənini məğlub et, Rioya get

Türkiyənin Samsun şəhərində boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində final mərhələsinin cütlükləri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, fəxri kürsününü ən yüksək pilləsinə gedən yolda Azərbaycan millisinin 4 boksçusu da rəqibini tanıyıb.

 

Belə ki, yarımfinalda irlandiyalı Keti Teyloru yolundan kənarlaşdıran və finala çıxmaqla həm də olimpiya lisenziyasını təmin edən Yana Alekseyevna (60 kq) finalda italiyalı İrma Testa ilə kimin ən güclü olmasına aydınlıq gətirəcək.

 

Dünya çempionumuz Cavid Çələbiyev (56 kq) isə ilk pilləni tutmaq uğrunda Böyük Britaniyanı təmsil edən Qais Aşfaqla mübarizə aparacaq.

 

Yığmamızın milliləşdirilmiş legioneri Lorenzo Sotomayorun (64 kq) rəqibi 2012 yay Olimpiya Oyunlarının bürünc mükafatçısı litvalı Evaldas Petrauskas olacaq.

 

Avropa və ikiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) isə Bakıda keçirilən Avropa Oyunlarının qalibi Cozef Coysla münasibətlərinə aydınlıq gətirəcək.

 

Əsas vəzifənin öhdəsindən gələn və Rioya lisenziyanı təmin edən bu idmançıların əsas hədəfi medalın əyarını müəyyənləşdirməkdisə, Bakı-2015-in qalibi Abdulqadir Abdullayevin (91 kq) üçüncülük uğrundakı döyüşü bürünc medaldan daha çox, həm də lisenziya üçün savaş olacaq. Təmsilçimiz Avropa Oyunlarının gümüş mükafatçısı erməni əsilli ukraynalı boksçu Gevorq Manukyanla qarşılaşacaq.

 

Xatırladaq ki, Bakıda keçirilən Avropa Oyunlarında finalda qarşılaşmalı olan rəqiblər Manukyanın zədəsi ucbatından görüşə bilməmişdilər. Abdulqadir döyüşə çıxmadan çempion, ukraynalı isə gümüş mükafatçı olmuşdu.