20:40 21-04-2016
news_image
8055
DÖYÜŞ NÖVLƏRİ

Cüdoçumuz Avropa ikincisi oldu! - YENİLƏNİB

Bu gün Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatına (AÇ)  start verilib. Apasport.az saytının məlumatına görə, Rioya lisenziya xarakterli yarışın ilk günündə tatamiyə 4 idmançımız çıxıb. Onlardan Orxan Səfərov finala kimi irəliləsə də, məğlub olaraq gümüş medalla kifayətlənib.

 

Kişilər

60 kq

İlk mərhələdən azad olan Orxan Səfərov mübarizəyə 1/8 finaldan başlayıb. “Böyük dəbilqə”nin qalibi Tom Şmiti (Lüksemburq) yarışdan kənarlaşdıran Arif Bağırovla (Belarus) qüvvəsini sınayıb. O, əslən azərbaycanlı rəqibinə heç bir şans verməyərək, ipponla 1/4 finala vəsiqə qazanıb. Səfərov yarımfinala gedən yolda Jeron Murenlə (Hollandiya) qarşılaşıb. Orxan bu dəfə də qələbə qazanaraq, yarımfinala yüksəlib. 

 

Cüdoçumuz 1/2 finalda italiyalı Elios Mansi ilə münasibətinə aydınlıq gətirib. O, rəqibini 138 saniyəyə ipponla məğlub edərək, finalda iştirak hüququ qazanıb. Həlledici görüşdə cüdoçumuzun rəqibi fransalı Valid Xyar olub. Təmsilçimiz final görüşündə məğlub olaraq, turnirin ikincisi adını qazanıb.  

 

Bu çəkidə tatamiyə çıxan digər təmsilçimiz İlqar Müşkiyev 1/8 finalda Qonsalo Mansino (Portuqaliya) ilə qarşılaşıb. Gərgin keçən görüş idmançımızın qələbəsi ilə yekunlaşıb. Müşkiyev ikinci görüşünü də qalib kimi başa vurub. İsrailli Artyom Arşanski səddini keçən cüdoçumuz 1/4 finalda türkiyəli Bekir Özlü ilə mübarizə aparıb. Lakin o, bu dəfə məğlub olub və rəqib yarımfinala adlayıb.

 

Buna baxmayaraq, İlqar təsəlliverici görüşə qatılıb. Həmyerlimiz bürünc medal uğrunda döyüş üçün Amiran Papinaşvili (Gürcüstan) ilə üz-üzə gəlib və bu dəfə də tatamini məğlub tərk edib. Nəticədə o, yarışı 7-ci pillədə başa vurub. 

 

66 kq

Millimizin təcrübəli cüdoçularından sayılan Tərlan Kərimov birinci qarşılaşmadaca Ermənistan yığmasının idmançısı Ferdinand Karapetyanla üz-üzə gəlib. Təəssüf ki, yekunda rəqib tatamidən qalib ayrılıb.

 

Qadınlar

48 kq

Bu çəkidə ölkəmizi təmsil edən Aişə Qurbanlı 1/16 finalda macarıstanlı Reka Puppla üz-üzə gəlib. O, startdaca məğlubiyyətə üzülüb. Rəqib həmyerlimizi 67 saniyəyə ippona salıb.

 

Qeyd edək ki, yığmamız yarışa 9 kişi, 1 qadın cüdoçu ilə yollanıb. Avropa çempionatı aprelin 24-də başa çatacaq.