17:06 21-04-2016
news_image
709
DİGƏR NÖVLƏR

Yay Olimpiya Oyunlarının məşəli alovlandırıldı

Avqustun 5-də Rio-de-Janeyroda start götürəcək Yay Olimpiya və Paralimpiya Oyunlarının məşəlinin təntənəli alovlandırılması mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbir ənənəvi olaraq, Pelonnes yarımadasının Olimpiya xarabalığında baş tutub.

 

Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun da qatıldığı mərasim Gera məbədindəki ritualla davam etdirilib. Bunun ardınca Olimpiya məşəlinin estafetinə start veriləcək.

 

Estafetin ilk günləri Yunanıstanda baş tutacaq və aprelin 27-də simvol Olimpiya Oyunlarının Təşkilat Komitəsinin nümayəndəsinə təhvil veriləcək.

 

Estafetin Braziliyadakı mərhələsi isə mayın 3-də ölkənin paytaxtı Braziliada başlayacaq. Olimpiadanın avqustun 5-dəki açılışı günü Rio-de-Janeyroda başa çatacaq estafet 95 gün “sambaçılar diyarı”nı gəzəcək.

 

Yerdə 20 min, havada 16 min km qət edəcək rəmz 329 yaşayış məntəqəsində olacaq. Onu 12 min insanın daşıyacağı nəzərdə tutulub.

 

Qeyd edək ki, Olimpiya məşəlinin yandırılması mərasimi alovu Zevsdən oğurlayıb, insanlara verən əfsanəvi Prometeyin xatirəsinədi. Müasir Olimpiadalarda ilk məşəl 1928-ci ildə Amsterdamda yandırılıb. Məşəlin ilk estafeti isə Berlin-1936-cı ildə olub.

 

Rio Olimpiadası avqustun 21-də başa çatdıqdan sonra sentyabrın 7-18-də Paralimpiya Oyunları təşkil ediləcək.