22:43 25-04-2016
news_image
1212
DİGƏR NÖVLƏR

“Gömrükçü” çempion oldu - FOTOSESSİYA

Aprelin 23 və 24-də «Climbaku» İdman Dırmanması Mərkəzində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX), eləcə də Azərbaycan Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) birgə təşkilatçılığı ilə idman dırmanması üzrə «Gömrükçü» İdman Klubunun Açıq çempionatı keçirilib. Federasiyadan apasport.az saytına verilən məlumata görə, boldrinq və sürət növləri üzrə təşkil edilən yarışda paytaxt və bölgələri təmsil edən 11 klubdan 48 idmançı (36 kişi, 12 qadın) mübarizə aparıb.

 

Çempionatda «Gömrükçü» İK, «Qafqaz» DİK, «Ekosport»İK, FHN İSK, «Ameast»İK, Salavat İK (Qusar), «Kyanite» İK, Şəki-A.M.A, «Gənclik» İdman Klubunun idmançıları qüvvələrini sınayıblar.

 

Yarışın açılış mərasimində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Arzu Mustafayev, DGK İSM «Gömrükçü» İK-nın direktoru Ramil Məmmədov iştirak edib. Komandalar arenaya daxil olduqdan sonra FAİREX-in vitse-prezidenti Arzu Mustafayev çıxış edərək yarışın əhəmiyyətindən söz açıb. O, çempionatın təşkilində əsas məqsədin idman dırmanmasını təbliğ etmək, kütləviləşdirmək, bu növün inkişafına dəstək vermək, istedadlı idmançıları üzə çıxarmaq olduğunu qeyd edib və idmançılara uğurlar arzuladı.

 

“Gömrükçü” idman klubunun direktoru R.Məmmədov yarış iştirakçılarına Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru, gömrük xidməti polkovniki Xəzər İsayevin salamlarını çatdırıb. O, qeyd edib ki, müstəqil Azərbaycanın idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması qürurverici haldır: “Azərbaycanın sayılıb-seçilən idman dövlətləri ilə bir sırada dayanması ilə fəxr edirik. Müxtəlif çempionatlar, açıq birinciliklər və bir sıra əhəmiyyətli idman tədbirlərinin təşkili mərkəzin iş planında ənənəvi olaraq yer alıb. Bu gün keçirdiyimiz açıq çempionat da qeyd olunan silsilə tədbirlərin uğurlu davamıdır”.

 

Dövlət himni səsləndirildikdən sonra yarışlar açıq elan edilib. Gərgin mübarizə şəraitində keçirilən yarışın yekununda qaliblər müəyyənləşib.

 

Sürət üzrə kişilər arasında keçirilən yarışlarda Çingiz Tağızadə («Gömrükçü»İK) hamıdan sürətli olduğunu sübuta yetirərək qızıl medala layiq görülüb. «Gömrükçü»İK-nın digər idmançısı Fərid Şahbazov ikinci pillədə qərarlaşıb. Rinat Rəhimxanov isə üçüncü («Qafqaz»İK) olub.

 

Qadınlar arasında bu növ üzrə keçirilən yarışlarda Reyhan Məmmədova («Ekosort» İK) qızıl medal əldə edib. Leyla Əhmədova («Qafqaz» İK) və Sima Səfərova (FHN İSK) isə müvafiq olaraq gümüş və bürünc medallara layiq görülüblər.

 

Boldrinq üzrə kişilər arasında keçirilən yarışlarda Rinat Rəhimxanov («Qafqaz» İK) çempion adını qazanıb. Fərid Şahbazov və Çingiz Tağızadə (hər ikisi «Gömrükçü»İK) gümüş və bürünc medallara layiq görülüblər.

 

Bu növ üzrə qadınlar arasında təşkil edilən yarışda Sima Səfərova (FHN İSK) birinci pillədə qərarlaşıb. Aysel Sultanova («Gömrükçü»İK) gümüş medala sahib çıxıb. Reyhan Məmmədova isə («Ekosport»İK) bürünc medal qazanıb.

 

Ümümi hesabda «Gömrükçü»İK-nın komandası 1 qızıl, 3 gümüş, 1 bürünc medalla birinci pillədə qərarlaşıb.

 

«Qafqaz»İK 1 qızıl 1 gümüş, 1 bürünc medalla ikinci olduğu yarışda «Ekosport»İK 1 qızıl, 1 bürünc medalla üçüncü yeri tutub.

 

Mükafat qazanan idmançılar DGK İSM «Gömrükçü» İK tərəfindən qiymətli hədiyyələr, diplom və medallarla təltif olunublar.

 

Yarışda fərqlənmiş hakim və idmançılara da diplomlar təqdim olunub.

 

“Gömrükçü” İK-nın təmsilçisi Çingiz Tağızadəyə yarışın «ən sürətli idmançı»sı, «Ekosport» İdman Klubunun üzvü Zöhrab Şahbalayevə isə yarışın «ən texnikalı idmançı»sı nominasiyasında diplomlar təqdim edilib.

 

“Şəki A.M.A” klubunun üzvü Müşfiq Səmədov yarışın «ən yaxşı hakimi» adına layiq görülüb.