17:50 26-04-2016
news_image
1259
DİGƏR NÖVLƏR

“Formula-1”: Yeni bilet satışı məntəqələri açıldı

Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-Prisinin biletlərinin satılacağı yeni məntəqələrin açılışı olub. Bu barədə məlumatı apasport.az saytına Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) veriblər.

 

Belə ki, “Park Bulvar” alış-veriş mərkəzindən sonra daha 4 fərqli məkanda – “28 Mall” və “Port Baku Mall” ticarət mərkəzləri, “F1 Əyləncə Zonası” və “Bakı Su İdmanı Sarayı”nda yeni bilet satışı məntəqələrinin açılışı olub. Bu məntəqələr hər gün fəaliyyət göstərəcəklər.  

 

Məlumat üçün bildirək ki, biletlər Azərbaycan vətəndaşlarına və Azərbaycanda müvəqqəti yaşama icazəsi olan əcnəbilərə 20-40 faizlik endirimli qiymətlərlə təklif olunur. Bir şəxs ən çox 4 imtiyazlı bilet ala bilər. Məntəqələrdə biletlər şəxsiyyəti təsdiq edən sənəd əsasında satılır. Bilet alarkən izləyicilərə tribunaları və ya ayaqüstü yerləri seçmək imkanı verilir.

 

Digər tərəfdən, sadəcə cümə günü üçün satılan biletlər xaricində digər biletlərin hamısı yarış həftəsonunu əhatə edən hər üç gün üçün keçərli olacaq. Bu biletlərə sahib olanlar “Formula-1” Grand Prix of Europe və GP2 seriya yarışlarını izləməklə yanaşı, dənizkənarı bulvar ərazisində salınacaq “Formula-1” Şəhərciyinə giriş imkanı da əldə edəcəklər. Onlar bu şəhərcikdə təşkil olunan konsert və əyləncə tədbirlərində də pulsuz iştirak edə biləcəklər.

 

Qeyd edək ki, yarış həftəsonu ərzində “Formula-1” Şəhərciyində təşkil olunacaq konsertlərdə dünya ulduzları çıxış edəcəklər. İyunun 17-də Kris Braun, iyunun 18-də Enrike İqlesias və iyunun 19-da Farel Vilyams Bakıda ən məşhur ifalarını səsləndirəcəklər.

 

Sadəcə cümə günü üçün bileti olanlar ancaq Braunun konsertində iştirak edə biləcək. Onunla yanaşı, digər iki müğənninin konsertində iştirak üçün üç günlük bileti əldə etmək tələb olunur.

 

Bilet satışı məntəqələri barədə ətraflı məlumatla bu cədvəldə tanış ola bilərsiniz:

Bilet Satışı Məntəqələri

Ünvan

İş Saatları

Park Bulvar

92 Neftçilər pr., Bakı

10:00 - 22:00

28 Mall

45 Azadlıq pr., Bakı

10:00 - 22:00

Port Baku Mall

151 Neftçilər pr., Bakı

10:00 - 22:00

F1 Əyləncə Zonası

Dənizkənarı Park, Muzey Mərkəzinin qarşısı, Bakı

12:00 - 22:00

Bakı Su İdmanı Sarayı

15 Akademik Əhəd Yaqubov küç, Bakı

 12:00 – 20:00