16:06 03-05-2016
news_image
3777
DÖYÜŞ NÖVLƏRİ

“Mənə ən çox dəstək verən insanın ad günündə dünya çempionu oldum” - MÜSAHİBƏ

Boks üzrə dünya çempionu Cavid Çələbiyevin apasport.az saytına müsahibəsi

 

- Boksa gəlişiniz necə baş tutdu?

- Uşaqlıqdan, daha dəqiq desəm, 1-ci sinfə getdiyim vaxtdan boksla məşğulam. Atam da boksçu olub, 71 kq çəki dərəcəsində böyüklər arasında Azərbaycan çempionu adını qazanıb. Latviya, Estoniya və başqa ölkələrdə beynəlxalq yarışlarda iştirak edib. Bir sözlə, gözümü açandan evdə boks əlcəkləri, diplomlar, medallar görmüşəm. Bu da məndə həvəs yaradıb. Atamın yolunu davam etdirmək istədim. Bəlkə də boksçu olmaya, başqa idmanla məşğul ola bilərdim. Amma atamın boksda qazandığı uğurlar məni idmanın bu növünə cəlb etdi.

 

- Döyüş idman növünü seçənlər adətən uşaq vaxtı davakar olurlar...

- (Gülür). Mən də davaya çox meylli idim. Məhləyə nə vaxt düşürdümsə, həmin gün dava-qırğın olurdu. Üst-başım, gözümün altı pis gündə evə gəlirdim. Qohumlar da bunu eşidirdilər və həmişə valideynlərimə deyirdilər ki, bu uşağı idmana qoyun, enerjisini orda sərf etsin. Amma sırf boksun adını heç vaxt çəkmirdilər. Çünki uşaq idim, yaşım boksa getməyimə imkan vermirdi. Boksda 13 yaşdan sonra rinqdə döyüşmək olar. Mənim isə həmin vaxt 7-8 yaşım var idi. Bəlkə də evdəkilər istəməzdilər ki, boksa gedim. Çünki başdan zərbə alırsan, çox təhlükəli idmandı. Üstəlik, atam o əziyyətli yolu keçmişdi.

 

- Davalarda daha çox döyürdüz, ya döyülürdüz?

- “Döyürdüm” demək lovğalıq kimi çıxar. Mən uşaq vaxtdan özümdən yaşda dəfələrlə böyük insanlarla ünsiyyət qururdum. Öz yaşıdlarımla ünsiyyət məndə heç vaxt alınmırdı. Dalaşanda da özümdən 2-3 yaş böyüklərlə dalaşardım. Təbii idi ki, döyülürdüm də, döyürdüm də. Evə gələndə mütləq haramsa zədəli vəziyyətdə gəlməli idim (gülür). Çox dəcəl olmuşam.

 

- Valideynləriniz sizin boksla məşğul olmağınıza, nə yaxşı, razılaşdılar?

- Mənim böyük istəyim var idi. Əlcəkləri, medalları gördükcə özümü ancaq boksda təsəvvür edirdim. Başqa idman növü cüzi də olsa, məni özünə çəkmirdi, əksinə gündən-günə boksa daha çox bağlanırdım. Valideynlər övladlarını həmişə qorumaq istəyirlər. Amma mənim boksa olan həvəsim, istəyim onları da buna razılaşmağa vadar etdi.

 

- İdmanla təhsil eyni vaxtda düz gəlmir. Yəqin ki, siz də əksər idmançılar kimi, təhsilə o qədər də maraq göstərməmisiz...

- Mən uşaq vaxtı dalaşmaqla yanaşı, oxumaqda da yaxşı olmuşam. Sadəcə, idmana həvəsim o qədər çox idi ki, təhsil ikinci plana keçdi. Qeyd etdiyiniz kimi, idman və təhsil bir yerdə düz gəlmirdi. İnsan bir yolu tutmalıdı: ya idmanın, ya da təhsilin dalınca getməlisən. Evdəkilər məni boksa qoymaq istəməyəndə ağlayırdım. O qədər “boks, boks” deyirdim ki, əlimdən bezmişdilər. Nəticədə elə oldu ki, atam məni boks bölməsinə yazdırdı.

 

- Nə vaxt anladınız ki, sizdən boksçu olar?

- Gənc yaşlarımdan Azərbaycan çempionu olmaqla. Belə-belə həm özüm, həm də evdəkilər dərk etdilər ki, məndən boksçu çıxar. Düşündüm ki, Azərbaycanda 1 nömrə ola bilirəmsə, beynəlxalq yarışlarda da ölkəni yaxşı təmsil edə bilərəm. Sadəcə, buna zaman lazım idi. Vaxt keçdikdən sonra beynəlxalq yarışlara çıxdım. 2013-cü ildə isə dünya çempionu oldum. Bundan sonra məndə özünəinam hissi daha da artdı. Dünya çempionu olmaq çox çətindi və hər bir idmançının arzusudu.

 

- Evə dünya çempionu kimi qayıdanda ailəniz sizi necə qarşıladı?

- Ailəm mənə inanırdı. Amma atam həmişə daha çox inanıb. Çalışıb ki, daim başımın üstündə dursun, məni qorusun. Evdəkilərdən ən çox atamdan dəstək görmüşəm. Bu da yəqin onun vaxtilə boksla məşğul olmasından irəli gəlir. Mən məşqlərdə çox əziyyət çəkən idmançıyam. Bu gün də əziyyətimin bəhrəsini görürəm. Bir söz deyəcəm, inanmayacaqsız. Dünya çempionu olmamışdan qabaq atam həmişə deyərdi ki, Cavid, sən dünya çempionu olacaqsan. 2-ci, 3-cü yerə çıxanda da mənə təsəlli verib, bu sözü işlədirdi. Heç ağlıma da gəlməzdi ki, dediyini edə biləcəm. Sanki atam qabaqcadan hiss edirdi. Qazaxıstanda dünya çempionu olanda təsadüfdən həmin gün atamın ad günü idi. Təsəvvür edirsiz, oktyabrın 26-da, mənə ən çox dəstək verən insanın – atamın ad günündə dünya çempionu adını qazandım. Bu, Allahın bizə yaşatdığı bir gözəllik idi.

 

- Yəqin ki, atanız indi sizə “Cavid, olimpiya çempionu olacaqsan” deyir...

- Atam mənə o qədər inanır ki... Dünya çempionu olacağımı demişdi, oldum. İndi də deyir ki, sən olimpiya birincisi olacaqsan. Gücümə inanır. İnşallah, onun bu arzusunu da yerinə yetirərəm.

 

- Rinqdən kənarda yumruğunuzu tez-tez işə salırsız?

- Uşaq vaxtı çox dalaşırdım. Amma indi elə deyil. Yadıma düşmür ki, axırıncı dəfə kiminləsə davam, mübahisəm düşsün. İdmanla həvəskar qaydada məşğul olan insanda təkəbbürlük olur, özünü hamıdan güclü sayır. Amma peşəkar qaydada bununla məşğul olanlar elə xüsusiyyətdən uzaqdı, davaya meyilli olmurlar.

 

- Dostlarınız, yaxınlarınız sizi heç “söhbətə” çağırırlarmı?

- İnsanın həyatında yaxşı dost çox az, barmaqla sayılacaq qədər olur. Mənim dostlarım qoymazlar ki, kiminləsə dalaşım. Əksinə, məni həmişə qoruyurlar. Çalışırlar ki, zədə almayım. Buna görə də, məni heç vaxt davaya çağırmırlar. Nəsə olursa, məsələni özləri həll edirlər. İdmançılar arasında da yaxın dostlarım var. Yığmada bir yerdə məşq etdiyimiz uşaqları nəzərdə tuturam. Bundan əlavə, güləşçilər və qaydasız döyüşçülərlə dostluq edirəm.

 

- Avropa Olimpiya Təsnifat Turnirində yarımfinal görüşündə erməni boksçuya qalib gəldiniz. Ümumiyyətlə, rəqibinizin erməni olduğunu biləndə, həmin döyüşə psixoloji cəhətdən necə hazırlaşırsız?

- İdmançının psixologiyası güclü olmalıdı. Əgər elə deyilsə, rinqə çıxmağına dəyməz. Döyüş idmanında psixologiya daha böyük rol oynayır. Mən başqa döyüş idmanlarına da baxıram, maraqlanıram. Rəqiblərin bir-biri ilə necə ünsiyyət qurmaları, bir-birlərinə təsir etmələri mənə maraqlı gəlir. Psixologiyan çox möhkəm olmalıdı. İdmançı var ki, rəqibi ilə göz-gözə gələndə onu çəkindirmək üçün artıq hərəkətlər edir. Amma bunlar hamısı boş şeylərdi. Bəzən görürsən ki, idmançı özünü sakit aparır, ancaq rinqdə özündənrazı rəqibini məğlub edir. Erməni ilə qarşılaşanda öz Vətənini, millətini fikirləşirsən. Xalqın, dostlarının yanında başıuca olmaq üçün erməniyə qalib gəlməyə daha çox can atmalısan. Son yarışda yarımfinalda erməni boskçu ilə qarşılaşmalı oldum və qələbə qazandım. Həmin qalibiyyəti Azərbaycan xalqına, prezidentimizə, şəhidlərimizə və əsgərlərimizə həsr edirəm.

 

- Hazırda subay olsanız da, nə vaxtsa ailə həyatı quracaqsız. Gələcəkdə oğlunuzun boksla məşğul olmasına razılıq verəcəksizmi?

- (Gülür). Allah hamıya oğul nəsib etsin. Boks, doğrudan da, ağır idmandı. Necə ki, vaxtilə mənim valideynlərim narazı idilər, yəqin ki, mən də oğlumun boksla məşğul olmasına əvvəlcə qarşı çıxacam. Amma görsəm ki, həvəsi var, ürəkdən istəyir, onda fikrimi dəyişib, dəstək olacam.

 

Tengiz MƏMMƏDOV