18:35 06-05-2016
news_image
3744
DÖYÜŞ NÖVLƏRİ

“Böyük dəbilqə”də ilk gün: Tərlan Kərimovdan "bürünc"

Bu gün Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk yarış günündə 5 çəki dərəcəsində qaliblər müəyyənləşib.

 

Kişilər 60 və 66 kq, qadınlar 48 kq, 52 kq və 57 kq çəki dərəcəsində ən güclünün adına aydınlıq gətiriblər.

 

“Böyük dəbilqə”yə 30 cüdoçu ilə qatılan Azərbaycan millisinin isə birinci gündə 10 idmançısı tatamiyə çıxıb. Cüdoçularımızdan yalnız Tərlan Kərimov fəxri kürsüyə yüksəlib. 

 

 

Kişilər

60 kq

Avropa çempionatının ikiqat gümüş medalçısı Orxan Səfərov ilk qarşılaşmasını Ryuju Naqayamaya (Yaponiya) qarşı keçirib. Təəssüf ki, böyük ümidlər bəslənilən cüdoçu ümidləri doğrultmayıb və məğlubiyyətə üzülüb.

 

***

 

Qran-prinin qalibi İlqar Müşkiyev birinci döyüşündə Bekir Ozlu ilə üz-üzə gəlib. Döyüş idmançımız üçün uğurlu alınıb. Həmyerlimiz 1/8 finalda Matyas Trbovçlə qarşılaşıb. Rəqibini cəmi 66 saniyəyə tatamidən kənarlaşdıran İlqar yarımfinala gedən yolda Səfərovun uduzduğu Naqayama ilə gücünü yoxlayıb. Lakin asiyalı idmançı Müşkiyev üçün də keçilməz olub. O, rəqibinə ipponla uduzub.

 

Müşkiyev təsəlliverici görüşdə də özünü göstərə bilməyib. Özbəkistanlı Diyorbek Urozboyevlə mübarizədə rəqib yoluna davam edib. Təmsilçimiz isə turniri 7-ci yerdə bitirib.

 

***

 

İlk mərhələdən azad olan Vüqar Şirinli də yarışla vaxtından əvvəl vidalaşıb. O, 1/16 finalda almaniyalı Eşli Makkenzye ilə bacarmayıb.

 

***

 

Millimizin perspektivli cüdoçularından sayılan Elbrus Zamanov da startdaca uduzub. O, Artyom Arşanski (İsrail) dueldən məğlub ayrılıb.

 

66 kq

Bu çəkidə yığmamızın şərəfini qoruyan İsgəndər Talışinski 1/16 finalda Çia Hunq Çeinlə (Çin Taypeyi) qüvvəsini sınayıb. Rəqibini mübarizədən kənarlaşdıran təmsilçimiz növbəti döyüşünü rusiyalı Mixail Pulyayevə qarşı keçirib. Dünya çempionatının gümüş medalçısı ilə gərgin keçən qarşılaşma Talışinskinin məğlubiyyəti ilə yekunlaşıb.

 

***

 

“Böyük dəbilqə”nin finalçısı Tərlan Kərimova da turnirə 1/16 final mərhələsindən başlayıb. O, ilk cəhdində Aleksander Beta ilə münasibətinə aydınlıq gətirib. Polşalı idmançıya şans verməyən cüdoçumuz vaxtından əvvəl qələbə qazanıb. 1/8 finalda onun rəqibi Qolan Pollak (İsrail) olub. Kərimov bu dəfə də uğurlu seriyasını davam etdirərək, mərhələ adlayıb. İdmançımız 1/4 finalda Suqoi Uriarte (İspaniya) ilə üz-üzə gəlib. Təəssüf ki, o, yarımfinala yüksələ bilməyib.

 

Tərlan təsəlliverici görüşündə Elio Verdeni (İtaliya) sınağa çəkib. İdmançımız rəqibinə ipponla qalib gəlib. O, bürünc medal uğrunda Məmmədzadənin uduzduğu Qansbeke ilə döyüşüb. Kərimov komanda yoldaşının revanşını alaraq, "bürünc" qazanıb. 

 

***

 

1/32 finaldan azad olan Famil Məmmədzadə birinci döyüşünü belçikalı Kennet Van Qansbekeyə qarşı keçirib. 92 saniyəyə ippona düşən həmyerlimiz "Böyük dəbilqə" ilə vidalaşıb.

 

***

 

Gənc cüdoçumuz Orxan Əskərzadənin debütü uğurlu alınmayıb. Təmsilçimiz startda Azamat Mukanova (Qazaxıstan) ipponla məğlub olub.

 

Qdınlar

48 kq

Yığmamızın lideri Aişə Qurbanlı yarışa qələbə ilə başlayıb. “Qəbələ”nin idmançısı italiyalı Valentina Moskatta ipponla qalib gəlib. O, 1/8 finalda Tasiana Limanı (Qvineya-Bissau) sınağa çəkib və rəqib mərhələ adlayıb.

 

***

 

Bu çəkidə tatamiyə çıxan millimizin digər üzvü – Şəfəq Məmmədova da yarışı vaxtından əvvəl tərk edib. O, Dilara Lokmanhekimə (Türkiyə) ipponla məğlub olub.

 

Qeyd edək ki, turnirin qalibi 500, finalçısı 300, bürünc medalçıları hərəyə 200 reytinq xalı irəli düşəcəklər. Həmçinin, digər yerlərə də xallar veriləcək.