14:38 06-05-2016
news_image
670
DİGƏR NÖVLƏR

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yeni memorandum imzaladı

Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank ilə qarşılıqlı əməkdaşlığa dair birgə anlaşma memorandumu imzalayıb. Apasport.az saytının məlumatına görə, əldə olunan razılığa əsasən PAŞA Bank BŞH-nın bank xidmətləri üzrə tərəfdaşı kimi çıxış edəcək. Memorandumda tərəfdaşlıq münasibətlərinin qurulması və müxtəlif birgə kampaniyaların keçirilməsi qarşıya məqsəd qoyulub.

 

Memorandumu BŞH-nın Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim və PAŞA Bank İdarə Heyətinin üzvü Aydın Atakişiyev imzalayıblar.

 

Tədbirdə əməliyyat şirkəti adından çıxış edən Özərdim qarşılıqlı əməkdaşlığın yarışın yüksək səviyyədə təşkil olunmasına böyük töhfə verəcəyini qeyd edib: “Bakıda ilk dəfə keçiriləcək “Formula-1” Avropa Qran-prisinə hazırlıq işlərinin geniş vüsət aldığı bir ərəfədə Azərbaycanın ən qabaqcıl maliyyə qurumlarından biri olan PAŞA Bank ilə əməkdaşlıq etmək bizim üçün çox qürurverici haldı. Ev sahibliyi etdiyimiz “Formula-1” şəhərimizə yeni biznes imkanları gətirəcək. Bundan maksimum faydalanmaq üçün hamılıqla fəaliyyətimizi yüksək standartlara uyğun qurmalıyıq. İnanırıq ki, bu istiqamətdə birgə aparılacaq işlər yarışın yüksək səviyyədə həyata keçirilməsinə və qarşılıqlı əməkdaşlıq imkanlarının səmərəli şəkildə inkişafına xidmət göstərəcək”.

 

Görüş zamanı PAŞA Bankın rəsmisi Aydın Atakişiyev bildirib ki, təmsil etdiyi qurum bir tərəfdaş kimi işgüzar fəaliyyətə böyük dəstək verir: “Yaranan ilk gündən PAŞA Bank özünü adi bir bank deyil, müştərisinin tərəf müqabili kimi, hər zaman dəstəyinə arxalana biləcək bir yoldaş kimi mövqeləndirib. PAŞA Bankın əməkdaşları müştərilərinin bizneslərinin müvəffəqiyyətli olması üçün ən yüksək səviyyəli ekspertiza və təcrübəni bir araya gətiriblər. Bu imkanlar sayəsində müştərilərimiz ən mürəkkəb və ən çətin şərait belə yüksək uğurlara yiyələnə biləcəklər”.

 

Qeyd edək ki, memorandumun şərtlərinə əsasən tərəflər göstərdikləri işgüzar xidmətin daha geniş kütləyə təqdim olunması istiqamətində qarşılıqlı fəaliyyətə dair öhdəlik götürüblər.