15:42 07-05-2016
news_image
1154
DÖYÜŞ NÖVLƏRİ

Sərhədçi zabit Azərbaycan yığması üçün Olimpiya Oyunlarına növbəti lisenziya qazandı

İstanbulda keçirilən Rio-de Janeyro Olimpiya Oyun­larına lisenziya xarakterli II dünya təsnifat turnirində "Sərhədçi" İdman Olimpiya Mərkəzinin zabiti, leytenant Rəsul Çunayev yığmamız üçün növbəti lisenziya qazanıb. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, yunan-Roma güləşi üzrə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəsul Çunayev yarışa 1/16 final mərhələsindən başlayıb.

 

İlk görüşdə xorvatiyalı Dominik Etlingeri 19 saniyədə tam üstünlüklə məğlub edən pəhləvanımız daha sonra Belarus idmançısı Pavel Liax və polşalı David Kareçinski ilə qarşılaşmalardan qalib ayrılıb. Yarımfinalda Fransa yığmasının erməni əsilli idmançısı Artak Marqaryan üzərində 68 saniyə ərzində parlaq qələbə qazanan Çunayev finala yüksəlib.

 

O, bununla Rio Olimpiadasına vəsiqəni təmin edib. Finalda Qırğızıstanlı rəqibi Ruslan Tsarevə xal vermədən qalib gələn güləşçimiz II dünya təsnifat turnirinin qızıl medalını qazanıb.

 

Bununla da Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyalarımızın sayı 44-ə, Rioya yollanacaq idmançılarımızın sayı isə 45-ə yüksəlib.

 

Çunayevdən öncə Səbinə Mikina (qılıncoynatma, sablya), Olqa İsmayılova, Maksim Averin (hər ikisi velosiped idmanı), Maksim Şemberev (üzgüçülük), Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsayev (hamısı taekvondo, +80 kq), Oleq Stepko, Petro Paxnyuk (hər ikisi idman gimnastikası), Marina Durunda (bədii gimnastika), Nazim Babayev (üçtəkanla tullanma), Hayle İbrahimov (5000 m), Anna Skidan (hər üçü atletika, çəkicatma), İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m), Valentin Demyanenko (kanoe, 200 m), Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 200 m), Yuri Meqliç (kanoe-slalom), Yana Alekseyevna (60 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomoyor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdulayev (91 kq), Məhəmmədrəsul Məcidov (hamısı boks, +91 kq), Elvin Mürsəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Saman Təhmasibi (hamısı yunan-Roma güləşi, 85 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (qadın güləşi, 58 kq), Mircəlal Həsənzadə (57 kq), Toğrul Əsgərov (65 kq), Cəbrayıl Həsənov (75 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Camaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq) Olimpiadada iştirak hüququ qazanıb. Bununla yanaşı, kişilərdən ibarət ağırlıqqaldırma millimiz 4 vəsiqəyə sahib olub.