16:11 07-05-2016
news_image

Güləşçilərimizdən uğursuz çıxış

Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri keçirilir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə qadın güləşçilər mübarizə aparıb.


Xalçaya çıxan Azərbaycan yığmasının hər iki idmançısı uğursuzluğa düçar olub. Düzdü, 75 kq çəkidə mübarizə aparan Gözəl Zutova ilk görüşdə Hindistandan Kiran Kiranı, ardınca isə Monqolustandan Burmaa Oçirbatı vaxtından əvvəl tam üstünlüklə məğlub edib. Lakin yarımfinalda Almaniya təmsilçisi Maria Selmaier ilə görüşdə uduzan güləşçimiz finala yüksələ və Olimpiadaya vəsiqə əldə edə bilməyib.

 

Yığmamızın digər üzvü Elis Manolova (63 kq) isə debütdəcə məğlubiyyətə üzülüb. Milliləşdirilmiş legionerimiz Monika Eva Mixalikə (Polşa) 0:4 hesabı ilə uduzaraq, Olimpiadaya yollanmaq şansını itirib.
 

Qeyd edək ki, yarışlarda finala yüksələn hər bir güləşçi həm də Olimpiadaya vəsiqəni təmin edir.