16:55 09-05-2016
news_image
3905
DÖYÜŞ NÖVLƏRİ

"Azərbaycanda cüdonun təməli laxlayır" - Sadıq Sadıqov

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqovun müsahibəsi

 

- “Böyük dəbilqə” turnirinə yekun vuruldu. Yarış haqda nə deyə bilərsiz?

- Hazırda müəyyən problemlərimiz olsa da, onları həll etməyə çalışırıq. Artıq olimpiadaya 6 lisenziya qazanmışıq. Cəmi bir lisenziyamız çatmır. 81 kq çəki dərəcəsində lisenziyaya ümidimiz yoxdu. Olimpiadaya 6 lisenziya ilə gedəcəyik. "Böyük Dəbilqə"də bizim üçün medal da önəmli idi. Ancaq qorxumuz da vardı ki, idmançılarımız zədələnərlər. Olimpiadaya az qalıb. Rüstəm Orucovun fotosunu yəqin ki, gördünüz. Yaxşı ki, tez təslim oldu, yoxsa, qırıq da ola bilərdi. Əsas ümidlərimizdən biri Rüstəmdi. Bizim üçün önəmli olan Olimpiadadı. Bildiyiniz kimi, Rövnəq Abdullayev 5 aydır federasiyaya prezident təyin olunub. Bu müddətdə idmançıların şəraitinin, nəticələrin yaxşılaşdırılması üçün əlimizdən gələni etmişik. Lisenziya qazanmış ölkələrin çoxu Bakıya 2-ci, 3-cü dərəcəli idmançılarını gətirmişdi. Bizimkilər də Kazandan yorğun gəldiklərindən belə bir fikrimiz vardı. Həmin ağır yarış 17 gün öncə bitib. Bir qızıl, bir gümüş medalımız oldu. Komanda şəklində 3-cü olduq. Həmin idmançılar istirahət etmədən ikinci yarışda mübarizəyə çıxdılar. Hər çəkidə 4 iştirakçımız olsa da, 1-ci nömrə ilə digərləri arasında böyük fərq var.  

 

- Əcnəbilər "Böyük dəbilqə"nin təşkilatçılığını yüksək dəyərləndirdilər. Siz bu haqda nə deyə bilərsiz?

- Bütün ölkələr bizim yarışa heyran qaldı. Bu da təşkilatçılıqla bağlı idi. Bakıdakı "Böyük Dəbilqə" turniri Kazandakı Avropa çempionatını kölgədə qoydu. Düzdür, təşkilatçılıqda hər şey etmək olar. Əsas odur ki, nəticə olsun. Əsas məqsədimiz olimpiadada uğurlu çıxışdır. Düzdür, "Böyük Dəbilqə" lisenziya xalı verirdi. Ancaq buna cüdoçularımızın ehtiyacı yox idi. Çünki 6 idmançımız hələ əvvəldən vəsiqə qazanıb. 81 kq-da təmsilçimiz qalib gəlsəydi belə, olimpiadaya düşmək ehtimalı yox idi.

 

- May Bakıda mötəbər turnirlərlə zəngin aydı. Bu təşkilatçılıq digər turnirlərə meydan oxumağınız kimi çıxmadı ki?

- Yox, bizim işimiz budu. Biz icraçıyıq. Mən idman mütəxəssisiyəm. Dövlət məmuru deyiləm ki, kiminləsə bəhsə girim. Mənə göstəriş verilmişdi ki, yarışı yüksək səviyyədə keçirək. Sağ olsun "Neftçi" İdman Klubunun əməkdaşları. Hamımız əl-ələ verdik və dedik ki, nəyə görə də bunu yüksək səviyyədə etməyək? "Neftçi" İK öndə gedən idman klublarımızdandır və onun mütəxəssisləri yığışdı. "Böyük Dəbilqə"nin yüksək səviyyədə keçirilməsində hər birinin əməyi var. Bunu yalnız bir ailə olaraq etmək olardı. Düzdür, ilk gündə texniki qusurlar oldu. Bu da səsləndirmə ilə bağlı idi. Belə şeylər olur. Tez bir zamanda onu aradan qaldırdıq. Kiməsə nəsə mesaj vermək fikrimiz olmayıb. Sadəcə, dedik ki, təşkilatçılığın öhdəsindən gələcəyik. Azərbaycanı cüdoda dünya çempionatını keçirə biləsi dövlətlər siyahısına daxil etdilər. Bu da bizim yüksək göstəricidir.

 

- Dünya çempionatının Bakıda keçirilməsi ilə bağlı təşəbbüs var?

- Biz də səy göstəririk ki, dünya çempionatını keçirmək hüququna yiyələnək. Cənab prezidentimiz İlham Əliyevin sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və bu, danılmazdır. Dövlət başçısının diqqət, qayğısı biz idman rəhbərlərini məsuliyyətə cəlb edir ki, yarışı möhtəşəm keçirməliyik. Avropa Oyunlarından sonra Azərbaycanda hər hansı yarışı elə-belə keçirmək mümkün deyil. Üstəlik, Olimpiya lisenziyalı turniri. Biz də "Böyük Dəbilqə"ni Avropa Oyunlarına bənzətməyə çalışdıq. Həmin səviyyədə olmasa da, ona oxşadı. İstəyirik ki, 2018 və 2019-cu ildə cüdo üzrə dünya çempionatını bizim keçriməyimizə imkan yaradsınlar. Söhbət zalın tərtibatından getmir. Elə görünməyən nüanslar var ki, hər şeyi xırdalığına kimi nəzərə almışdıq.

 

- Yığmanın baş məşqçisi Peter Zayzenbaherin işini necə qiymətləndirirsiniz? 
- Baş məşqçimiz heç vaxt ortada görünmür. Digər yarışlarda da görüşləri tribunada izləyir. Məsləhətlərini həmişə məşq zalında verir. Hər məşqçinin öz proqramı var. Biz 3-4 aya heç nə tələb edə bilmərik. Ancaq gənc istedadlarımız var. Azərbaycanda 10 minə yaxın yeniyetmə və gənc cüdo ilə məşğul olur. Doğrudan da bu rəqəm bizi titrətdi. Bu, futbol deyil, cüdodur. Deməli, potensialımız var. Sadəcə, baş məşqçinin tələb etdiyi ehtiyatı hazırda verə bilmirik. Bizim vaxtımız da yoxdur ki, heyəti dəyişək. Necə deyərlər, qatar getmişdi. Ona görə məcburuq Olimpiadanı bu heyətlə yola verək. Bundan sonra cüdonun inkişafı ilə bağlı proqramda hər bir şey nəzərə alınmalıdır ki, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında problemlərimiz təkrarlanmasın. Bunun üçün işə sıfırdan başlamalıyıq. Hazırda Azərbaycanda cüdonun təməli möhkəm deyil, laxlayır, tökülmək üzrədir.

 

- Baş məşqçimizin Gürcüstanda böyük xidmətləri olub. Onun vaxtında 2 Olimpiya çempionu olub. Gürcüstan son yarışlarda özünü güclü rəqib kimi göstərdi. Biz nə vaxt cüdoda Gürcüstan səviyəsində uğur qazanacağıq?

-  Peter Zayzenbaher böyük mütəxəssisdir, 2 dəfə Olimpiya çempionu olub. Buna görə belə mütəxəssisi dəvət etmişik. London olimpiadasında Gürcüstandan adi bir uşaq Olimpiya çempionu oldu. Halbuki, həmin uşaq itib-batmışdı, onun üzərində işlədi. Ağır yarışlarımız gedir, zədəlilərimiz var. Buna baxmayaraq, iş gedir. İlk növbədə infrastrukturu düzəldəcəyik. Ancaq yerimizdə oturmayacağıq ki, bundan sonra nəticə olacaq. Baş məşqçimizin federasiya rəhbərliyi qarşısında öhdəçiliyi var və hələ ki onu yerinə yetirir, işi qənaətbəxşdir. İşinə qiymət vermək üçün olimpiadanı gözləməyə məcburuq. Ondan sonra bütün bu məsələlərə aydınlıq gələcək. Yeni struktur, yeni plan qurmalıyıq. Gürcüstanın hər bir bölgəsində super inkişaf gedib, çox gözəl infrastruktur var. Buna şahid olmuşuq. Azərbaycanda bunu qurub yaratmaq lazımdır. Bizdə vəziyyət qənaətbəxş deyil. Hər şey maliyyənin üstündə deyil ki, idmançıya pul verdin, düzələcək. Gərək şərait yaradasan, idmançıya şans verəsən, sonra nəticə istəyəsən. Bizdə də bölgələrdə şərait yoxdur. Naxçıvan cüdoçularından soruşuram, deyirlər ki, biz 10 ildir bilmirik cüdo nədir, yarış nədir, proqram nədir. Onları dəvət edəcəyik. Zaqatala-Balakən, Quba-Qusar kimi ekoloji cəhətdən sağlam bölgələrimiz var. Bizə fiziki cəhətdən güclü idmançılar lazımdır. Rayonlarda da infrastruktur yoxdur. Hamı Bakıya qaçır, orda da hamını qəbul etmək olmur (futbolxeber.az).