13:23 10-05-2016
news_image
2951
DİGƏR NÖVLƏR

“Bakıda məni nəyin gözlədiyindən xəbərsizəm” - MÜSAHİBƏ

“Sahara Force India” komandasının pilotu Serxio Perez Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətinə müsahibə verib. Apasport.az saytının məlumatına görə, o, iyunun 17-19-da paytaxtımızda keçiriləcək Avropa Qran-prisi ilə bağlı fikirlərini açıqlayıb.  

 

- Bakı Şəhər Halqasının marşrutu haqqında nə düşünürsünüz?

- Bu trek çox ensiz və çətin görünsə də, əslində çox gözəl şəhər trekidi. Həmçinin, trek dənizin kənarında yerləşir, odur ki, TV-də izləyən tamaşaçılar bu görüntüdən zövq alacaqlar. Yeni məkanları kəşf etmək hər zaman maraqlıdı. Əminəm ki, bu trek azarkeşlər arasında populyarlıq qazanacaq. Şəhər trekləri pilotlar üçün daha çətin olsa da, tezliklə bu trekdə yarışmaq istərdim.

- Mövsümün ilkin nəticələri haqqında nə demək istərdiniz? Sizi qane edirmi? 

- Gediş istədiyim kimi deyil. Avstraliyadakı yarışda qırmızı bayraq nəticəsində yarış strategiyam alınmadı və uğursuzluqla üzləşdim. Daha sonra Bəhreyndə Seynzlə toqquşduqda avtomobilimin ön yan tərəfi qopdu. Burada komandamızın xal qazanacağına ümid bəsləyirdim, lakin son bir neçə dövrələrdə xalları itirdik. Əminəm ki, biz yaxın zamanlarda gücümüzü göstərə biləcəyik. Sonuncu yarışda komandamız yeddinci yerə çıxmaqla avtomobilimizin kifayət qədər sürətli olduğunu sübut etdi və fikrimcə, bu yaxşı işarədi. 

- Yeni ölkəyə və ya yeni trekə gələrkən etdiyiniz ilk iş nə olur? 

- Bu, mənə yeni macəranı xatırladır. İlk səfər həmişə maraqlıdı - yeni şəhər, yeni otel, kəşf etməli olduğum yeni məkanlar... Mən şadam ki, yarışlarımız yeni məkanlarda keçirilir və bu, bizə həmin ölkələrdəki azarkeşlərlə görüşmək imkanı yaradır. Əlbəttə ki, yarışlar yeni yerdə keçirilirsə, həmin treklə tanış olmaq çox vacibdi. Komandanın mühəndisləriylə birlikdə trekə baxış keçirmək əhəmiyyətlidi, lakin iyunun 17-də sərbəst yürüşlərdə iştirak etmək daha böyük əhəmiyyət daşıyır. Dövrələrdəki yarış sürətinə uyğunlaşmalısan. 

- Karyeranızda yadınızda qalan ən gülməli anı açıqlaya bilərsizmi? 

- Bu hadisə Sauber komandasının heyətində Suzuka trekində olub. Yarışın sonuncu dövrəsində komandamızın üzvləri ilə radio-əlaqə yaradıb, yanacağımın bitdiyini xəbər verdim. Mən finiş xəttini keçdikdən sonra Piter Sauber bir az həyəcanlanmışdı.

- 2016-cı il mövsümündə əsas hədəfiniz nədi? 

- “Formula-1” yarışlarında şəxsi nəticələrimi yüksəltmək, ötən ildəki nailiyyətlərimizi daha da yaxşılaşdırmaq.

- Adlarını çəkəcəyimiz şəxsləri üç sözlə necə təsvir edərdiz? Luis Hamilton, Berni Eklstoun, Daniil Kvyat, Fernando Alonso, Niko Hulkenberq, “Formula-1” və 2016-cı il “Formula-1” Avropa Qran-prisi...

- Hamilton – sürətli, gülməli, çempion, Eklstoun - rəhbər, ağıllı, zəngin, Kvyat - ucaboy, rus, əyləncəli, Alonso – cəld, müvəffəqiyyətli, qərarlı, Hulkenberq – alman, komanda yoldaşım, rəqib, “Formula-1” – xəyalım, işim, həyatım,    2016-cı il 2016-cı il “Formula-1” Avropa Qran-prisi – rəqabət, həyəcan, yeni macəra. 

- Azərbaycandakı azarkeşlərinizə nə demək istərdiniz? 

- Orada məni nəyin gözlədiyindən xəbərsizəm, lakin onlarla görüşməyi və bu möhtəşəm tədbirdə iştirak etməyi səbirsizliklə gözləyirəm.