17:18 10-05-2016
news_image
2682
DİGƏR NÖVLƏR

“Bakı unikal yarışa səhnə olacaq” – FİA-nın yarış direktoru

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq Bakıda səfərdədi. Apasport.az saytının məlumatına görə, onun gəlişində məqsəd iyunun 17-19-da paytaxtımızda keçiriləcək “Formula-1” yarışından əvvəl trekdə görülən hazırlıq işlərini yoxlamaqdı.

 

Belə ki, onun rəhbərliyindəki FİA nümayəndə heyəti mayın 9-da Bakı Şəhər Halqasına baxış keçirib. Trekin “Formula-1”in şəhər yarışına ev sahiblik etməyə hazır olub və ya olmadığından əminlik üçün keçirilən baxış zamanı trek yolu və onun ətrafında quraşdırılmış obyektlərin keyfiyyəti yoxlanılıb. “Formula-1” yarış təqvimindəki ən yeni treki ətraflı şəkildə incələyən Vaytinq trekin hazırlığından olduqca razı qaldığını bildirib.

 

Bakı Şəhər Halqasının memarı Herman Tilkenin də müşayiət etdiyi yoxlanış zamanı Çarli Vaytinq “Formula-1”in ən yeni şəhər trekinin bütün cəhətlərini, o cümlədən Hökumət Evinin qarşısında yerləşən Paddok ərazisini və Pit Yolunu, həmçinin yaxında 2016-cı il “Formula-1” Avropa Qran Prisinin simvoluna çevriləcək İçərişəhər divarları boyunca 8-ci dövrədən başlayaraq 11-ci dövrəyədək davam edən 7,6 metrlik genişliyə sahib yoxuşlu dar küçəni incələyib. Eyni zamanda, Vaytinq trekin yarışın üz-üzə, iki istiqamətdə davam edəcəyi hissəsində də olub.

 

Bakı Şəhər Halqası ilə əlaqədar apardığı müşahidələrdən sonra Vaytinq bildirib ki, iyunda keçiriləcək “Formula-1” Avropa Qran-prisi öncəsində hər şey qaydasındadı: “Bakı Şəhər Halqası vaxtında yarışa tam hazır olacaq. Siz trekin və onun ətrafında quraşdırılmış bütün obyektlərin yüksək keyfiyyətinə əmin ola bilərsiniz. Bakıya növbəti səfərim iyunun əvvəlində olacaq və inanıram ki, həmin səfər zamanı bu trekin yarış üçün tam hazır olduğunu bəyan edə biləcəyəm. Burada “Formula-1” yarışı çox gözəl şəkildə baş tutacaq. Trekin 8-ci döngəsindən 12-ci döngəsinədək olan hissəsində yarış çox maraqlı anlara sahib olacaq. 12-dən 15-ci döngəyə qədər olan hissədə bolidlər yüksək sürətlə hərəkət edəcəklər və 15-ci döngəyə yaxınlaşdıqca yarışın həyəcanı daha da artacaq. Trekin 16-cı döngədən 20-ci döngəyədək düz xətt boyunca davam edən hissəsində yarış möhtəşəm keçəcək və burada sürət maksimal həddə çatacaq. Bu treki yalnız Sinqapur treki ilə müqayisə edə bilərəm, lakin burada bolidlərin sürəti Sinqapurdakından daha yüksək olacaq”.

 

FİA rəsmisi Bakıya səfər etmək barədə hələ tam qərar verməmiş azarkeşlərə də müraciət edib: “Bakıya gəlmək istəyənlərə sözüm odu ki, siz bu şəhərə mütləq gəlməlisiniz. Bakı ecazkar şəhərdi. Mən burada dəfələrlə olmuşam və ünsiyyət qurduğum hər kəsdən böyük qonaqpərvərlik görmüşəm. Bakı həqiqətən də unikal yarışa səhnə olacaq”.

 

“Formula-1” Avropa Qran-prisinin təşkilatçısı və promouteri olan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov FİA rəsmisinin treklə bağlı müsbət qiymətləndirməsindən məmnun qaldığını bildirib: “Vaytinqin Bakı Şəhər Halqasına bugünkü səfəri ərəfəsində hazırlıqlarla bağlı səsləndirdiyi müsbət rəyə görə çox şadıq. Biz FİA heyətinin indiyədək gördüyümüz işlərdən çox razı qalacağını və bu, bu gün öz təsdiqini tapacağıma əmin idik. Bu rəy bizim komandada olan hər bir kəs üçün qürur mənbəyidi. Biz bu işi sonadək ən yüksək səviyyədə davam etdirməyə çalışacağıq ki, Vaytinq iyunun əvvəlində baş tutacaq növbəti səfərində Bakı Şəhər Halqası “Formula-1” yarışını keçirməyə “tam hazırdı” deyə bilsin. Biz bunun reallaşacağına tam inanırıq və var gücümüzlə çalışmağa davam edəcəyik ki, bu yarış, tribunalarda olan və evlərində ekran qarşısında əyləşən hər bir azarkeş üçün həqiqətən də yaddaqalan olsun”.