18:01 12-05-2016
news_image
726
DİGƏR NÖVLƏR

Atıcımız Qəbələdə medal qazandı - FOTO

Qəbələdə Heydər Əliyevin xatirəsinə həsr edilən olimpiya atıcılıq növləri üzrə III Beynəlxalq Qran-Pri yarışları davam edir. Apasport.az saytının məlumatına görə, rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində 9 ölkədən 73 idmançının iştirakı ilə keçirilən beynəlxalq turnirdə qadınlar arasında atıcılığın dairəvi stend növü üzrə yarışlar başa çatıb.

 

Bu gün baş tutan final yarışında Rusiya idmançılarından Nadejda Konovalova qızıl, Anastasiya Kraxmaleva bürünc medal qazanıb. Azərbaycan atıcısı Nurlana Cəfərova isə gümüş mükafata layiq görülüb.

 

İdmançılara medalları Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov, Gənclər və İdman Nazirliyinin aparıcı məsləhətçisi Ülviyyə Hacıyeva, federasiyanın baş katibi, ölkə çempionu Emin Cəfərov təqdim ediblər.

 

Sabah kişilər arasında atıcılığın dairəvi stend növü üzrə yarışlar keçiriləcək.

 

Qeyd edək ki, “Qəbələ” atıcılıq klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə keçirilən Beynəlxalq Qran-Pri yarışlarında Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Finlandiya, Qətər və BƏƏ-ni təmsil edən idmançılar yarışırlar. Azərbaycanı bu mötəbər turnirdə 26 idmançı təmsil edir.