13:22 18-05-2016
news_image

Yığmamız üçün kor püşk: Olimpiyaçımız finalda uduzduğu rəqiblə üz-üzə

Mayın 19-27-də Qazaxıstanda keçiriləcək qadın boksçular arasında dünya çempionatının püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, püşkün nəticəsinə əsasən Azərbaycan millisinin üzvləri də rəqiblərini tanıyıblar.

 

Belə ki, komandamızın ən yüngül çəkili boksçusu Əzizə Abbasova (48 kq) ilk döyüşünü cənubi koreyalı Çoronq Baka qarşı keçirəcək. Təmsilçimiz görüşə mayın 21-də çıxacaq. Əgər o, mərhələ adlayarsa, 1/16 finalda amerikalı Marlen Esparza ilə üz-üzə gələcək.

 

51 kq çəki dərəcəsində rinqə çıxacaq Anna Əlimərdanova 1/64 finaldan azaddı. İdmançımız 1/32 finalda Viginia Fuş (ABŞ) – Qrazleli Souza (Braziliya) cütünün qalibini gözləyir.

 

Məhsəti Həmzəyeva da (57 kq) birinci mərhələni azarkeş kimi izləyəcək. O, 1/16 finalda Muhayyohon Esonboyeva (Özbəkistan) – Sabrina Aubin (Kanada) duelinin güclüsünü sınağa çəkəcək.

 

Azərbaycanı Rioda təmsil edəcək Yana Alekseyevna da 1/64 finalda iştirak etməyəcək. Son dünya çempionatının finalçısı 1/32 finalda Mavzuna Çoriyeva (Tacikistan) – Ven-Linq Çen (Çin Taypeyi) cütünün güclüsü ilə qüvvəsini sınayacaq.

 

64 kq çəki dərəcəsində mübarizəyə qoşulacaq Ayzanat Hacıyeva 1/16 finalda Cayayra Qonzaleslə (ABŞ) döyüşəcək. Qarşılaşma mayın 20-də olacaq. O, mərhələ adlayacağı halda 3 gün sonra Venlu Yanqla (Çin) üz-üzə gələcək.

 

Püşk Məryəm Cəbrayılovanı (69 kq) ilk mərhələdən azad edib. O, 1/8 finalda monqolustanlı Erdenetuya Enkbaatarla münasibətinə aydınlıq gətirəcək. Boksçumuz rinqə mayın 22-də çıxacaq.

 

Millimizin liderlərindən olan Yelena Vıstropova (75 kq) isə startdaca güclü Savanna Marşallla üz-üzə gələcək. London-2012-nin iştirakçısının Quançjoudakı dünya çempionatının finalında uduzduğu rəqiblə dueli mayın 20-də baş tutacaq.

 

Alina Hacıyeva (81 kq) isə yarışın ilk günündə rinqə çıxacaq. Boksçumuz qabonlu Çimene Molumba ilə döyüşəcək. O, 1/8 finala çıxarsa, mayın 22-də çinli Xiaoli Yanqla görüşəcək.

 

Komandamızın ən ağır çəkili boksçusu Aynur Rzayeva (+ 81 kq) Seema Punyanı sınağa çəkəcək. Görüş mayın 23-nə təsadüf edəcək. O, qalib gələrsə, bir gün sonra ev sahibi olan Lazzat Kungeybayeva ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, mundialda 51 kq, 60 kq və 75 kq çəki dərəcələrində yarımfinala yüksələn boksçular Rioya vəsiqə əldə edəcəklər. Alekseyevna artıq bu hüquqa yiyələndiyindən Əlimərdanova və Vıstropova Olimpiadaya vəsiqə qazanmağa çalışacaq.