19:23 20-05-2016
news_image
3464
DÖYÜŞ NÖVLƏRİ

Taekvondoçumuz Avropa çempionatından gümüş medalla qayıdır - YENİLƏNİB

İsveçrədə keçirilən taekvondo üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə Azərbaycan millisinin 4 idmançısı mübarizə aparıb. Onlardan yalnız Patimat Abakarova finala kimi irəliləyib. Lakin həlledici görüşdə məğlub olan idmançımız gümüş medalla kifayətlənib.

 

 

Kişilər

63 kq

 

Yığmamızın perspektivli taekvondoçusu Məhəmməd Məmmədov birinci qarşılaşmasını türkiyəli Orhan Gulerə qarşı keçirib. Həmyerlimiz rəqibinə 9:3 hesabı ilə qalib gəlib. Məmmədov 1/8 finalda Ermənistan millisinin üzvü Sergey Avanesovla münasibətinə aydınlıq gətirib. Görüş təmsilçimizin aşkar üstünlüyü ilə keçib və Məhəmməd rəqibini 3:0 hesabı ilə məğlub edib. O, 1/4 finalda Jeol Qonzales Bonilla (İspaniya) ilə üz-üzə gəlib. Təəssüf ki, taekvondoçumuz bu dəfə qələbə seriyasını davam etdirə bilməyib və 0:1 hesabı ilə uduzub.

 

68 kq

Avropa Oyunlarının qalibi Ayxan Tağızadə ilk mərhələdən azad olub. O, birinci görüşündə Deniss Kulibikslə (Latviya) gücünü yoxlayıb. Təmsilçimiz rəqibini 14:2 hesabı ilə məğlub edib. Tağızadə 1/8 finalda yunanıstanlı Konstantinos Çamalidislə qarşılaşıb. Taekvondoçumuz bu dəfə də dayanqı qalib tərk edib. O, rəqibini 6:2 hesabı ilə məğlub edib. Tağızadə növbəti mərhələdə uduzaraq, yarımfinala vəsiqə qazana bilməyib.

 

 

Qadınlar

53 kq

 

Ölkəmizi Rioda təmsil edəcək Patimat Abakarova çempionata qələbə ilə start verib. O, latviyalı İnese Tarvidanını mübarizədən kənarlaşdırıb – 3:0. Abakarova 1/8 finalda Draqana Qladoviçlə (Serbiya) qarşılaşıb. Döyüş həmyerlimizin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. Patimat 1/4 finalda Despina Pilavaki (Kipr) ilə qüvvəsini sınayıb. Olimpiyaçımız bu dəfə də uğurlu seriyasını davam etdirib. O, rəqibini 3:1 hesabı ilə məğlub etməklə, özü üçün ən azı bürünc medalı təmin edib.

 

Taekvondoçumuz yarımfinalda da yaxşı formada olduğunu nümayiş etdirib. Fransalı Floryen Liborio ilə döyüşən Abakarova 4:2 hesabı ilə qalib gələrək, iddiasını bir daha ortaya qoyub. O, həlledici qarşılaşmada Tatyana Kudaşova (Rusiya) ilə qüvvəsini sınayıb. Lakin Patimat bu dəfə məğlubiyyətə üzülüb. 3:4 hesabı ilə uduzan Olimpiyaçımız ikinci yerlə kifayətlənib.

 

Bu çəkidə digər təmsilçimiz Gülhanım Yeşildal ilk qarşılaşmasında rusiyalı Tatyana Kudaşova ilə üz-üzə gəlib. Rəqib 3:1 hesabı ilə qalib gələrək, mərhələ adlayıb.

 

Qeyd edək ki, komandamız səfərə 17 taekvondoçu ilə yollanıb.