09:40 24-05-2016
news_image
491
DİGƏR NÖVLƏR

Yığmamız Dünya Kubokunun finalı üçün heyətini açıqladı

Bədii gimnastika üzrə Azərbaycan millisinin Bakıda keçiriləcək Dünya Kubokunun finalı üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Rio Olimpiya Oyunlarından təxminən iki həftə öncə iyulun 22-24-də paytaxtımızda baş tutacaq yarış üçün  ölkəmiz 7 idmançı sifariş edib.

 

Komandamızın baş məşqçisi Mariana Vasileva şəxsi mübarizədə Avropa Oyunlarının gümüş medalçısı, Rio-2016-ya lisenziya qazanmış Marina Durunda, eləcə də böyük gimnastlar sırasına yenicə qədəm qoyan Avropa çempionatının (gənclər) ikincisi Jalə Piriyevanı sınamağa qərar verib. Qrup hərəkətlərində isə yığmamızın şərəfini Siyana Vasileva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Celep qoruyacaqlar.

 

Ümumilikdə Bakıya dünyanın 22 ölkəsinin yığması gələcək. Yarışların ilk iki günü 34 gimnast və 11 qrup hərəkətləri komandası medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaq. Kubokun son günü ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutacaq.  

 

Bu il Dünya Kubokunun 9 mərhələsi keçirilib. Bakı finalında öncəki mərhələlərdə göstərilmiş ən yaxşı 4 nəticəyə əsasən birinci yeri tutan gimnastlar və qrupların xüsusi mükafatlandırma mərasimi keçiriləcək.

 

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçiriləcək. Biletlərin qiyməti 5-20 manat təşkil edir. Biletlər yarışların hər 3 gününə alındıqda, endirimlər olacaq. Tələbələr də xüsusi endirimdən yararlana bilərlər.