09:36 27-05-2016
news_image
724
STOLÜSTÜ OYUNLAR

“Uğursuz rəqib yoxdu, uğursuz gün var” – yığmamızın üzvü

“Giriylə bir sıra turnirlərdə qarşılaşmışıq. Debütdən sonra fərqli mövqelərimiz oldu. Şəmkirdə zəif rəqib yoxdur. Ona görə püşkdən danışmaq düzgün olmaz”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin şahmatçısı Rauf Məmmədov deyib.

 

“ShamkirChess2016” turnirinin ilk turunda həmyerlimiz Hollandiya təmsilçisi Aniş Giriylə xalı yarı bölüb. Rauf Məmmədov yarışın mətbuat xidmətinə partiya haqda bunları deyib: “Sözün düzü, mənim üçün burada ən uğursuz rəqib Hou Yifandı. 9-cu turda onunla qarşılaşmalıyıq. Bilmirəm necə olacaq. Qadınlarla oyunum alınmır. Zərif cinsin nümayəndələrinə qarşı mübarizə aparmaq çətindi. Məhz buna görə 9-cu turdakı görüşü indidən düşünürəm. Yifanla oyuna necə hazırlaşacağım maraqlıdı".

Giri də yarım xaldan razı olduğunu deyib: "Normal oyun getdi. Startda risk etmək istəmirik. Adətən startdan sonra qələbə və məğlubiyyətlər başlayır. Çox sevinirəm ki, burada mübarizə aparıram. Şəmkirdə olduğumdan məmnunam. Mənim üçün uğursuz rəqib özüməm. Daha doğrusu uğursuz rəqib yoxdu, uğursuz gün var. Ola bilər ki, əhvalım pis olsun  və mən həmin gün ən zəif şahmatçıyla oynamağı bacarmayım. Digər tərəfdən yaxşı əhvalım olsa istənilən rəqiblə mübarizə aparmağa qadirəm".