20:53 27-05-2016
news_image
692
STOLÜSTÜ OYUNLAR

“İstədiyimi şahmat lövhəsində reallaşdıra bilmədim” – Şəhriyar Məmmədyarov

Şəmkirdə keçirilən Vüqar Həşimovun xatirə turnirində II tur sona çatıb. Apasport.az saytının məlumatına görə, hesabat turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistan təmsilçisi Pentala Harikrişnaya məğlub olub.

 

Partiyadan sonra Harikrişna qələbəni belə şərh etdi: "Məmmədyarovla oyun mənim üçün yaxşı başladı. Onun belə oyununa hazır idim. Partiyada dönüş rəqibim gedişi görməyəndə oldu. Həmin səhvdən istifadə edərək yeni oyun başladım. Sonda qələbə mənim oldu. Bir qələbə heç nə demək deyil. Turnir indi başlayır". 

Şəhriyar Məmmədyarov isə məğlubiyyətlə yanaşı turnirin əhəmiyyətindən danışıb: "Maraqlı debüt oynamaq istəyirdim. Sadəcə istədiyimi şahmat lövhəsində reallaşdıra bilmədim. Ona görə də uduzdum. Hər şey qaydasındadır. Bir məğlubiyyətə görə üzülməyə dəyməz. 

Turnirin əhəmiyyəti haqda əvvəllər də danışmışam. Ən əsası yarış komanda yoldaşımız, dostumuz Vüqar Həşimovun xatirəsinə keçirilir. Vüqar hər zaman yadımızdadır. Uzun illər eyni yarışlarda iştirak etmişik, Azərbaycan millisinin şərəfini qorumuşuq. Onun xatirəsi hər bir azərbaycanlı üçün əzizdir. Bu turnirdə iştirak etmək bizə xoşdur".