12:12 30-05-2016
news_image
647
DİGƏR NÖVLƏR

“Qəbələ”nin 3 atıcısı çempion oldu - FOTO

Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılğı ilə Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə ölkə çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq keçirilən və respublikanın tanınmış 30 idmançısının iştirak etdiyi yarışda “Qəbələ” Atıcılıq Klubunun idmançıları qızıl, gümüş və bürünc medal qazanıblar.

 

Kişi və qadınlar arasında səngər stend və dairəvi stend atıcılığı üzrə keçirilən çempionatda “Qəbələ”nin yetirməsi Elvin İsmayılov, Emin Cəfərov və Nurlana Cəfərova ölkə çempionu olublar. Elvin İsmayılov həm də səngər stend yarışları üzrə respublika rekordunu yeniləyib. Ölkə çempionatında Əlimirzə Quliyev ikinci, Tamerlan Məmmədov üçüncü yeri tutub. İdmançılara medalları Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Ülviyyə Hacıyeva təqdim edib.

 

Yarışın bağlanış mərasimində qeyd olunub ki, “Qəbələ” Atıcılıq Klubu ölkəmizin milli yığma komandası üçün peşəkar gənc atıcıların yetişdirilməsi işində də mühüm rol oynayır. Bildirilib ki, “Qəbələ”nin idmançıları üçün yaradılan yüksək şərait, onlara göstərilən diqqət və qayğı artıq öz bəhrəsini verir. Məlumat verilib ki, “Qəbələ” Atıcılıq Klubunun idman bazası çox yüksək səviyyədə inşa edilib, burada idmançılar və qonaqlar üçün lazımi şərait yaradılıb, müasir məşq yerləri və yarış poliqonu təşkil olunub.