10:05 02-06-2016
news_image
1484
TOP OYUNLARI

“Qrupumuzun favoriti İspaniya və Fransa yox, Azərbaycandı”

“Bizim üçün Avropa Liqasında iştirak çox önəmlidi. İlk mərhələyə ev sahibliyi etməyimiz məsuliyyətimizi artırır”. Apasport.az saytının məlumatına görə, bunu Monteneqro yığmasının voleybolçusu Yelena Çvijoviç deyib.

 

24 yaşlı hücumçu Avropa Liqasının qrup mərhələsi ilə bağlı fikirlərini açıqlayıb. O, iyunun 3-də start götürəcək oyunlarda Azərbaycan yığmasından çəkindiklərini deyib.

 

Çvijoviçin sözlərinə görə, İspaniya və Fransa ilə müqayisədə Faiq Qarayevin yetirmələri ilə oyun çox çətin keçəcək: “Çünki qrupumuzun favoriti Azərbaycan millisidi. Lakin biz də bütün bacarığımızı ortaya qoyub, turnirə necə hazırlaşdığımızı nümayiş etdirəcəyik. Ümid edirəm ki, ən yaxşı oyunumuzu göstərə biləcəyik. Bu da bizə uğur qazanmaq üçün kifayət edəcək”.

 

Perspektivli voleybolçu yığmamızla görüşdə menecerlərin diqqət mərkəzinə düşmək ehtimalını da gizlətməyib. Azərbaycan voleybolunun heç də yaxşı günlərini yaşamadığından xəbərsiz olan Yelena ölkə xaricinə çıxmaq arzusundadı: “Avropa Liqası hər birimizə yeni klub tapmağa kömək edəcək. Çünki burada özümü yaxşı tərəfdən göstərib, menecerlərin diqqət mərkəzinə düşə bilərik. Ümid edirəm ki, oyunlara böyük sayda azarkeş gəlib, bizi dəstəkləyəcək. Buradakı uğurlu çıxış isə bizim Avropa çempionatının seçmə mərhələsində inamlı oyunumuza səbəb olacaq”.

 

Qeyd edək ki, Monteneqro Avropa Liqasının ilk mərhələsinə ev sahibliyi edəcək. Onların Azərbaycanla matçları isə iyunun 4-də olacaq.