20:43 02-06-2016
news_image
872
STOLÜSTÜ OYUNLAR

“Altı heç-heçəni planlaşdırmırdım” – Teymur Rəcəbov

“Fransız müdafiəsindən istifadə edərək debütdən çıxış yolları axtarırdım. İstəyirdim ki, mübarizə olsun. O zaman istənilən nəticəyə oynamaq mümkün olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri beynəlxalq dərəcəli qrossmeyster Teymur Rəcəbov deyib.

 

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2016 turnirinin VII turunda Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayan idmançımız görüşü belə şərh edib: “Fransız müdafiəsi mənə çox uğur gətirib. Harri Kasparovu məhz belə debütlə, amma fərqli variantda məğlub etmişdim. Ona görə belə oynamağa üstünlük vermişdim. Partiya isə heç-heçəyə layiq oldu. Başqa nəticə görsənmirdi”.

Teymur Rəcəbov ShamkirChess2016 turnirində sərgilədiyi oyunu normal qiymətləndirib: “Əlbəttə, altı heç-heçəni planlaşdırmırdım. Bir qədər fərqli oyunlar oldu. Belə alındı ki, 7 turdan sonra altı heç-heçə və Karuanaya məğlubiyyəti xatırlamaq məcburiyyətindəyəm. Son 2 turu gözləmək istərdim. Ümumi çıxışımıza sonda qiymət verərik”.

 

Rusiya şahmatçısı Sergey Karyakin isə 7 turdan sonra çıxışını məqbul saydığını deyib: “Rəcəbovla oyun bir istiqamətdə getdi. Qələbə üçün gedişlər görünmürdü. Rəqibim fransız müdafiəsindən istifadə etdi. Bununla belə qələbə qazanmaq mümkün olmadı. 7 turdan sonra çıxışımı məqbul sayıram. 4 xal toplamışam. Daha yaxşı çıxış edə bilərdim. Bununla belə nəticədən narazıyam deyə bilmərəm. Hər şeyi son 2 tur həll edəcək”.