22:00 02-06-2016
news_image
901
STOLÜSTÜ OYUNLAR

“Lazımi gedişləri görmədim” – Rauf Məmmədov

“Partiya çox gərgin alındı. Oyundan sonra gördüm ki, qələbə qazanmaq imkanı var idi. Amma lazımi gedişləri görmədim”. Apasport.az saytının məlumatına görə, bu sözləri beynəlxalq dərəcəli qrossmeyster Rauf Məmmədov deyib.

 

Şəmkirdə təşkil olunan Vüqar Həşimovun xatirə turnirinin VII turunda Hindistan təmsilçisi Pentala Harikrişnayla qarşılaşan Məmmədov xalı yarı bölüb.

 

Partiyadan sonra keçirilən mətbuat konfransında idmançımız qələbəni əldən buraxdığını etiraf edib: “İndi artıq təəssüflənməyə dəyməz. Qələbə qazansaydım çox sevinərdim. Şəmkirdə hələlik ən yaxşı oyunumu bu gün göstərdim. Fabiano Karuanaya qarşı da yaxşı mübarizə sərgiləmişdim. Lakin məğlub olmuşdum. Əsas amillərdən biri nəticədir. Bu gün yaxşı oynadım, amma qələbəni əldən buraxdım”.

Pentala Harikrişna isə heç-heçədən razı olduğunu bildirib: “Rauf çox yaxşı başladı. Qara fiqurlarla oynamasına baxmayaraq səhv etmədi. Sözsüz ki, bu amil oyunumu çətinləşdirdi. Qələbə qazanmaq imkanı az da olsa var idi. Lakin gedişləri düzgün görmədi. Heç-heçədən razıyam. Çünki, öz oyunumu göstərə bilmədim”.