17:50 03-06-2016
news_image
466
DİGƏR NÖVLƏR

Bakı səmasında Avropa Qran-prisi üçün uçdular - FOTOSESSİYA

“Red Bull Skydive” (paraşüt) komandasının iki ən istedadlı üzvü – Marko Valtenşpil və Corc Latner Bakıya səfərləri çərçivəsində paytaxt sakinlərini qarşısında inanılmaz hava akrobatikası bacarıqlarını nümayiş etdiriblər. Bakı Şəhər Halqasından apasport.az saytına verilən məlumata görə, güclü küləyin olmasına və hava şəraitinin tez-tez dəyişməsinə baxmayaraq, onlar nəfəskəsici vinqsyut (parçadan tikilmiş qanad-kostyum) və beyscampinq (tərpənməz obyektlərdən tullanma) elementlərini uğurla həyata keçiriblər.

 

Şou zamanı Marko və Corc Azərbaycanın dövlət bayrağını, o cümlədən “Formula-1” Avropa Qran-prisinin bayrağını başgicəlləndirici yüksəkliyə qaldıraraq Bakı buxtasının üzərində dalğalandırıblar və şəhərin ecazkar görünüşünə xüsusi rəng qatıblar.

 

Marko Valtenşpil və Corc Latner Avstriyalı paraşütçülərdi və hər ikisi əsasən, vinqsyut uçuşu və beyscampinq üzrə ixtisaslaşıblar. Marko paraşütlə tullanma ilə 2011-ci ildən məşğul olur, lakin ilk tandem tullanışını 11 yaşında olarkən reallaşdırıb.

 

Havada qəhrəmancasına nümayiş etdirdiyi çıxışdan sonra müsahibə verən Marko bunları qeyd etdi: “Müəyyən yerlərdə hava kifayət qədər küləkli idi, lakin ümumi götürdükdə, Bakı səması paraşütçülük etmək üçün çox əlverişlidi. Azərbaycan bayrağını havada dalğalandırmaq mənim üçün qürurverici bir hiss idi. Eyni zamanda, Bakı sakinlərinə belə həvəsləndirici anlar və yaddaşlarda qalacaq xatirə yaşada bildiyim üçün sevincliyəm”.

 

Corc 12 yaşındaykən ilk dəfə Salzburq şəhərində tandem tullanışını sınayıb. Elə həmin ildə də hava idmanı ilə peşəkar səviyyədə məşğul olmaq qərarına gələn idmançı bu arzusunu yetkinlik yaşında həyata keçirməyi bacarıb.

Paraşütlə tullanmanı həyata keçirdikdən sonra Corc öz hisslərini belə ifadə edib: “Yüksəklikdən tullanma növləri arasında mənim ən çox xoşladığım vinqsyut uçuşudu və Bakı səmasında tullanmaqdan sözün əsl mənasında zövq aldım. Bugünkü küləklə bacarmaq sözsüz ki, çətin idi, amma buna baxmayaraq mən xeyli əyləndim. Şəhərin üzərində süzərkən və küçələrində gəzişərkən Bakının Avropa Qran-prisini qarşılamağa hazır olduğuna şahidlik etdim”.