15:16 07-06-2016
news_image
3460
TOP OYUNLARI

“O, hələ çox çalışmalıdı” – yığmamızın sabiq kapitanı

“İlk 3 matdakı hesaba baxmayaraq, oyunların bizim üçün asan keçdiyini demək olmaz”. Bunu apasport.az saytına qadın voleybolçulardan ibarət Azərbaycan millisinin meneceri Oksana Kurt (Parxomenko) deyib.

 

Yığmamızın sabiq kapitanı əsas komandamızın Avropa Liqasının qrup mərhələsindəki oyununu şərh edib. O bildirib ki, İspaniya, Fransa və Monteneqrodan I dövrədə 3 xal almaq voleybolçularımız üçün heç də asan başa gəlməyib.

 

Millimizin 9 xalla liderliyindən razı olan menecer ilk 3 matçdakı çıxışımızı da dəyərləndirib: “Yalnız Fransa ilə görüşün ilk setində rahat idik. Qızlarımız rəqibdən açıq-aşkar üstün idilər. Ən çox axırıncı oyunda həyəcan keçirdik. İspaniya ilə qarşılaşmada voleybolçularımızın yorğunluğu da təbii ki, özünü göstərdi. Axı, ardıcıl 3 gün meydana çıxdıq. Rəqib də bizim oyunumuzu yaxşı təhlil etmişdi. Buna baxmayaraq, qızlar lazım olan nəticəni əldə edə bildilər”.

 

Kurt komandaya yeni qoşulan voleybolçuların adaptasiyadan uğurla keçdiyini deyib. Onun sözlərinə görə, artıq uyğunlaşma ilə bağlı hansısa problem qalmayıb: “Yeni oyunçular kollektivə yaxşı uyğunlaşdılar. İstəklə məşq edirlər və onlardan bəzisi artıq əsas heyət üzvünə çevrilib”.

 

Avropa Oyunlarından sonra karyerasını bitirən Oksananın mövqeyi Şəfaqət Həbibovaya həvalə olunub. O, əsas heyətdə Monteneqroda debüt edən toppaylayıcının hələ üzərində işləməli olduğunu vurğulayıb: “Şəfaqət çox çalışır. Onda oynamaq istəyi həddindən artıqdı. Şəfaqətin oyununda çox şey alınır, amma hələ də çox çalışmalıdı. Həmçinin, milli səviyyəsində baş tutan qarşılaşmalar fərqlidi. Burda məsuliyyət və təzyiq daha çoxdu”.

 

Kurt iyunun 10-12-də Fransada keçiriləcək II dövrə ilə bağlı da danışıb. O bildirib ki, rəqiblər bir-birini öyrəndiyindən hər görüş çətin keçəcək: “Növbəti oyunlar təxminən 3 gün sonra olacaq. Hazırkı məqamda komandanın oyunçuları bərpa olunurlar və bu matçlara hazırlaşırlar. Daha çox əvvəlki matçlarda buraxdığımız səhvlərin üzərində işləyirik. Əlbəttə, yaxşı başa düşürük ki, artıq rəqiblər bir-birlərini tam öyrəniblər. II dövrədə asan qələbə qazanacağımızı, heç bir çətinliklə üzləşməyəcəyimizi demək mümkün deyil. İstənilən halda, meydana yalnız qələbə üçün çıxacağıq”.